Səhiyyə mafiyasının "test biznesi" - Qadir İbrahimli

Yaxınlarda möhkəm soyuqlamışdım, səhhətim qəfil pisləşdi. Özəl klinikaların birinə müayinəyə getdim. Həkim məndə koronavirus ehtimalının olduğunu dedi və testdən keçməyi tövsiyə etdi. 70 manat ödəyib testdən keçdim və cavab "neqativ" çıxdı. Elə hesab etdim ki, özəl klinika olduğu üçün testin qiyməti bahadır və dövlət xəstəxanalarında ucuz olar...

Bu gün bir tanışımın dövlət xəstəxanalarında testin qiymətinin 130 manata qədər yüksəlməsini eşidəndə şoka düşdüm və kiçik bir araşdırma apardım. Bəlli oldu ki, testin qan müayinəsi ilə aparılmasının qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Minimum əmək haqqının 250 manat olduğu (700 minə yaxın məşğul əhalinin gəliri məhz bu qədərdir) ölkənin dövlət xəstəxanasında 1 testin qiymətinin 100-130 manat həddində olması artıq dövləti cinayətdir və vətəndaşların kütləvi soyulması deməkdir. Dövlət xəstəxanasında hətta 10 manat tələb etmək də cinayətdir. Ancaq bu halda söhbət kasıb təbəqə üçün fantastik məbləğdən söhbət gedir.

Özü də o o halda ki, koronavirusun artım dinamikası kifayət qədər yüksəkdir və hər gün testdən keçənlərin də sayı artmaqdadır. Hökumət əhalini qınayır ki, məsuliyyətsizlik etməyin-filan. Bəs səhiyyə mafiyasının (Səhiyyə Nazirliyi ona görə yazmıram ki, bu struktur faktiki olaraq 9 aydır  yoxdur) bu cinayətinə görə kim məsuliyyət daşıyır?

Gündəlik ortalama 10 minə yaxın test götürülür. Deməli, hər gün səhiyyə mafiyası test biznesindən ən azı 1 milyon manat qazanır. Adını da qoyurlar "koronavirusla mübarizə"...

Rəsmi  statistikaya görə,  ötən müddət ərzində isə ümumilikdə 1, 6 milyon test aparılıb. Deməli səhiyyə mafiyası epedemiya dövründən böyük pullar "qazanıb" - gözlərini heç qəbir də doydurmasın!

Bir daha təkrar edirəm - dövlət xəstəxanalarında testlər pulsuz olmalıdır. Türkiyədə testlər öz vətəndaşları üçün pulsuzdur, eləcə də başqa ölkələrdə!

Visiontv.az