Şəhadətə hazır olan Şeyxülislam
19.01.2021

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (“Bəqərə” surəsi, ayə 154).

Şəhadət... Bu, elə bir yoldur ki, onu bəsirət gözü açıq olanlar, özünü bəşəri və islami dəyərlərin içərisində tapanlar, haqq və ədalət sorağına çıxanlar gedə bilər. Bu yolda yalana, saxtakarlıq və riyakarlığa yer yoxdur. Çünki şəhadət mərifət və həqiqət aşiqlərinin ustadı, insanlıq və azadlıq kimi ülvi duyğuların ünvanı, İslam və Cahan Peyğəmbəri Həzrət Muhəmmədin (s) əziz nəvəsi Həzrət Hüseynin (ə) mübarək yoludur. Çünki şəhadət əbədi nemət, İlahi dəyərdir. Bu nemət və dəyər müsəlman aləminin bir hissəsi olan Azərbaycanda müstəqilliyimizə qədər əsrlər boyu ata-babalarımız tərəfindən gizli şəkildə qorunmuş, canlı saxlanılmış və nəsildən-nəslə ötürülmüşdür. Odur ki, 1990-cı ilin 20 yanvar gecəsində öz milli maraqları, vətəni və azadlığı naminə sovet hərb maşınından qorxmayan xalqımızın əliyalın meydana çıxaraq bu yolda şəhidlər verməsi təsadüfi deyildi. Bizi ağır və dəhşətli imtahan gözləyirdi. Bu, həm də xalqımızın taleyi, alın yazısı idi – illər sonra sahib olacaqlarımız üçün tarix səhnəsində qurbanlar verməli idik.

Hələ 1990-cı ilin yanvarın 10-dan başlayaraq M.Qorbaçov tərəfindən Bakıya göndərilmiş Y.Primakov, A.Girenko və D.Yazov kimi Kremlin o zamankı qəddar siyasi-hərbi rəhbərliyinin əsas məqsədi Azərbaycanda yaranmış vəziyyətdən çıxış yolu tapmağa deyil, məkrli və qanlı niyyətlərini həyata keçirməyə yönəlmişdi. Bunun üçün lazım olan təxribat xarakterli bütün işlər əvvəlcədən görülmüş, SSRİ hakimiyyət orqanları mərkəzi mətbuatın, xüsusilə “Pravda” və “İzvestiya” kimi qəzetlərin vasitəsilə dünyaya Azərbaycanda “İslam fundamentalistlərinin” hədsiz azğınlığı barədə yalan məlumatlar yaymağa başlamışdılar. Bu mənada, yanvarın 17-də Y.Primakovun Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə respublikada hakimiyyəti ələ almaq təklifi həmin təxribatların davamı demək idi. Lakin SSRİ rəhbərlərinin mövcud vəziyyətdə respublikaya dini liderin rəhbərlik etməsi faktından sui-istifadə edəcəyini və bununla da sovet ordusunun Bakıya soxulmasına bəraət qazandıracağını qabaqcadan duyan Şeyxülislam həzrətləri nəinki bu təklifi qəbul etmədi, hətta qorxmadan Primakova: “Xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” – deyə hiddətlə etiraz etdi. Sonralar mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Respublika” qəzetinə verdiyi müsahibədə bu hadisə ilə bağlı maraqlı açıqlamalar vermişdi. Bəli, hələ sovet imperiyasının süqut etmədiyi vaxtda QMİ sədrinin xalqımız naminə hər şeyi gözə alaraq bu cür addım atması o dövr üçün çox nadir və çox cəsarətli hal idi. Əfsus ki, bütün cəhdlərə baxmayaraq sovet-rus ordusu yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dəhşətli 20 Yanvar qırğınını törətməyə nail oldu.

Mənbələrin məlumatına görə, 1990-cı ilin 16-19 yanvarında Bakı ətrafına müxtəlif hərbi hissələrdən təşkil olunmuş 50 minlik ordu yeridilmişdi. Əsgərlər rus millətindən olan vətəndaşların azərbaycanlılar tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsi şayiəsi ilə ruhən hazır vəziyyətə gətirilmişdi. Əslində isə bunlar yalan idi. Küçələrə axışanlar şəhərə qoşun yeridilməsinə etiraz edən dinc sakinlər idilər. Hər bir azərbaycanlıdan maksimum “təhlükə gözləyən”, “vəhşi zorakılığa” məruz qalmış soydaşının intiqamını almaq hissi ilə azğınlaşan rus hərbçiləri marşal Yazovun rəhbərliyi ilə hazırlanıb həyata keçirilən “Tayfun” adlı hərbi əməliyyatla bina və mənzillərə, maqazin və xəstəxanalara atəş açır, toplaşmış vəziyyətdə olanları gözyaşardıcı qazla hərəkətsiz hala salıb güllələyir, hərbi texnikanın projektorları vasitəsilə dalan və tinlərə sığınmış adamları tapıb yerindəcə qətlə yetirirdilər. Zirehli tankların, BTR və BMP-lərin təkərləri altında qarşılarına çıxan yük, minik və təcili yardım maşınlarını əzib məhv edirdilər. Bu qanlı qırğın Bakıda yanvarın 20-si səhərə qədər davam etdi. Nəticədə yüzlərlə azərbaycanlı şəhid və şikəst oldu, yaralandı, müxtəlif fiziki təzyiqlərə məruz qaldı.

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri faciənin elə ilk anlarından, ilk günlərindən – Azərbaycan öz şəhidlərinə yaş tutduğu, Kommunist Partiyasının yerli liderlərinin qorxaqcasına susduğu və müxalifət fəallarının xaincəsinə gizləndiyi vaxtlardan xalqla birgə oldu. Hamımız yaxşı bilirik ki, insan üçün can şirindir. Lakin şəhidliyin fəlsəfəsinə dərindən bələd olan, onu Uca Allahın dərgahında Ali məqam, imanın ən yüksək zirvəsi və insan əxlaqının ən gözəl nümunəsi bilənlər vaxtı gələndə haqq, ədalət, millət, vətən və din kimi müqəddəs amallar naminə öz şirin canlarından keçməyə hazır olurlar. Odur ki, faciə ərəfəsində və faciə günlərində vaxt həmin vaxt idi, amallar da həmin amallar. Hətta bu amallar içərisində çox yaxında müstəqil və suveren olmanın işartılarını belə, görmək olardı. Faciə qurbanları məhz bu amallar naminə şəhid olmuşdular. Onlar özünü və izzəti-nəfsini dərk edərək “qırmızı güllə”yə sinə gərmiş, cismən öldürülsələr də, mənən qalib gəlmiş və şəhadət zirvəsini fəth etmiş fədailər idilər. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri də şəhidlərimizin əziz ruhları naminə, habelə Rəsulullahın (s) hədisi-şəriflərinin birində buyurulan “hər kəs öz varı, qanı, dini və ailəsi uğrunda öldürülübsə şəhiddir” kəlamını əsas tutaraq tərəddüd etmədən mübarək şəhadətə hazır vəziyyətdə başsız qalmış xalqın önünə keçdi, ölümdən qorxmayaraq vətəninə və millətinə həyan durdu. Həmin ağır günlərdə respublikadan kənarda xalqın səsinə ilk səs verən, ona dayaq olan Azərbaycanın Moskvadakı daimi nümayəndiliyində hadisə ilə bağlı mətbuat konfransı keçirən görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev oldu. O, həmin konfransda 20 Yanvar hadisəsini pislədi və bu qanlı qırğına görə M.Qorbaçovu ittiham etdi.


1990-cı il 20 Yanvar faciəsinin canlı şahidi olan Şeyxülislam Allahşükür Paşazadə həzrətləri o ağır günlərdə bütünlüklə xalqın yanında idi. Onun 20 Yanvar faciəsi ilə bağlı çoxşaxəli xidmətləri ana vətənə və doğma xalqa olan sevgisindən qaynaqlanırdı. Məhz Şeyxülislam həzrətlərinin göstərdiyi qətiyyət nəticəsində Yazov öz əmrini geri götürdü və şəhidlərin Dağüstü Parkda dəfn edilməsinə icazə verdi. Şəhidlərin yanvarın 22-də gerçəkləşən dəfn mərasimi isə açıq-aşkar Şəhadət xarakteri daşıyırdı. Yüz minlərlə insan hər dəqiqə silahı tətbiq etməyə hazır olan sovet hərbçilərinin nişan hədəfində ikən cəsədlərin yuyulub kəfənləndiyi Təzəpir məscidindən Azadlıq meydanına doğru, oradan da Dağüstü parka qədər yolu əzmlə qət etdi. Adamlar şəhidlər üçün yöz yaşları tökərək mərsiyələr oxuyurdular. İzdiham o qədər böyük və gur idi ki, hətta amerikalı tarixçi M.Smit onu heyrətlə “Qara yanvar qurbanlarının dəfn mərasimi postsovet dövründə ilk əsl mülki Məhərrəmlik aksiyası idi” kimi xarakterizə edirdi.

Mərasimə Şeyxülislam Allahşükür Paşazadə həzrətləri rəhbərlik edirdi. Dəfndə QMİ-nin kollektivi, BİU-nun müəllim-tələbə heyəti, Təzəpir məscidinin din xadimləri olduqca fəal iştirak edirdilər. Sonralar Şeyxülislam həzrətləri 20 Yanvar hadisəsi ilə əlaqədar verdiyi müsahibələrin birində bu barədə belə deyirdi: “Həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanının, milyonlarla vətəndaşın yeganə ümid yeri - Qafqaz Müsəlmanları İdarəsi - Təzəpir məscidi idi. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də İctimai Dəfn Komissiyası ilə birlikdə şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili - bunlar bizim fəaliyyətimizin yalnız görünən tərəfi idi. Əslində, o məqamda idarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı “qəhrəmanlardan” fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu... Yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik...”.

Azərbaycan xalqı 1990-cı il yanvarın 22-də 20 Yanvar şəhidlərinin dəfni ilə əsrlərdən süzülüb gələn və milli ruhiyyəsində yaşatdığı ənənəvi müsəlman adətlərini üstün tutaraq o vaxta qədərki dəfn mərasiminin sovet ritualları və formalarından açıq şəkildə imtina etdi. Bu, həm də sovet boyunduruğundan xilas olmaq və müstəqilliyə doğru ilk cəsarətli addım atmaq idi. Bu, eyni zamanda müqəddəs İslam dininə, həqiqi imana və milli-mənəvi dəyərlərə böyük qayıdış idi. Faktiki olaraq, 1990-cı il yanvarın 20-də sovet ordusu yalnız dinc azərbaycanlıları güllələmədi, həm də sovet rejiminə, ateizm ideologiyasına olan məcburi inamı kökündən məhv etdi. Xalqımız məhz o zaman Dağüstü parkda sonradan milyonlarla insanın, dövlət rəsmiləri və xarici qonaqların ziyarət məkanına, respublika gənclərinin isə müqəddəs and yerinə çevriləcək Şəhidlər xiyabanını yaratdı. Hansı ki, 1918-ci ilin Mart soyqırımı zamanı mənfur ermənilər tərəfindən amansız şəkildə qətlə yetirilmiş on mindən artıq şəhidimiz bu parkda dəfn olunmuşdu, artıq onların da ruhu düşmən və simasız insanların tapdağından xilas edilmiş oldu. Hansı ki, 1988-ci ildən başlayan və 20 Yanvar faciəsində katalizator rolu oynayan Dağlıq Qarabağ problemi 30 ildən sonra Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinə qarşı başladılan 44 günlük əks-hücum əməliyyatı və ya Vətən müharibəsi zamanı - 2020-ci il noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı və bu müharibədə verdiyimiz qəhrəman şəhidlərimiz də bu parkda – Şəhidlər xiyabanında dəfn olundular.

Artıq 20 Yanvar faciəsindən 31 il ötür. Bu gün sahib olduğumuz nə varsa, hamısı üçün, ilk növbədə, şəhidlərimizə borcluyuq. Onların pak ruhu bizim üçün daim əziz olacaq. Allah-Təala bütün şəhidlərimizi rəhmət etsin və onları Axirətdə şəhidlər sərvəri Həzrət Hüseynlə (ə) məşhur etsin. Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin sözləri ilə desək, “yüz illər keçsə də şəhidlər hörmətlə anılacaq, 20 Yanvar faciəsi isə İslamın müqəddəs Aşura mərasimi kimi hər zaman uca və əziz tutulacaqdır!”

Əhliman Rüstəmov

jurnalist-tədqiqatçı