9.012.2019
Axtar
Ölkə
alt

Səfir: “Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinə çatanda özümü Parisdəki kimi hiss etdim” - MÜSAHİBƏ

Visiontv.az Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossun APA-ya müsahibəsini təqdim edir.

- Cənab Səfir, artıq bir müddətdir, Bakıdasınız. İlkin təəssüratlarınızı bilmək maraqlı olardı...

- Mübaliğəsiz olaraq qeyd edim ki, ilk təəssüratım müasir və işıqları gecə daha da gözəl görünən hava limanında dövlətiniz tərəfindən səmimi qarşılanmağım oldu. Həmin vaxt sentyabr ayının ortaları, hava şəraiti mülayim idi. Bakı şəhərinin mərkəzinə doğru gedən yolun sağ və sol tərəflərindəki müasir binalara, Bakı Olimpiya Stadionuna, Heydər Əliyev Mərkəzinə heyran qaldım. Hiss etdim ki, Bakı gələcəyini quran şəhərdir. Şəhərin XIX əsrə aid gözəl və canlı hissəsi olan Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinə çatanda özümü lap Parisdəki kimi hiss etdim, bura olduqca valehedici idi.

- Fransa və Azərbaycan arasında mövcud münasibətlərin hazırkı statusu barədə nə düşünürsünüz və əlaqələrin daha da inkişafı üçün səfir olaraq prioritetləriniz nələrdir?

- Fransa və Azərbaycanın maraqları strateji olaraq üst-üstə düşür. Bizim əlaqələrimizi məhz bu müəyyən edir. Fransa Azərbaycanın müstəqil, çiçəklənən və stabil, eyni zamanda dünyəvi, müasir, tolerant, Avropa və beynəlxalq bazarlarla əlaqələri olan, regionda stabilliyi tənzimləyən bir ölkə olmasında olduqca maraqlıdır. Avropa və Avropadan kənar digər dövlətlərin vətəndaşları kimi, Azərbaycan və Fransa vətəndaşları da təhlükəsizlik istəyir. Əhalimiz gələcəyini təhlükəsiz şəraitdə qura bilər. Fransanın Azərbaycanla bağlı gizli bir gündəliyi yoxdur. Biz Azərbaycanın gələcəyinin bir hissəsi olmaq və qitəmizin bir sıra problemlərini birgə həll etmək istəyirik, çünki təhlükəsizlik, stabillik və tərəqqi qitə miqyasında olan məsələlərdir. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə davamlı həlli prosesində irəliləyiş görmək istəyirik. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa belə bir həllin təşviqində məsuliyyət daşıyır. Bu aktiv prosesdir. Son zamanlar bu məsələdə bəzi müsbət dəyişikliklər oldu, lakin daha çox iş görülməlidir. Azərbaycanın gələcəyini daha çox onun insanlarında görürük. Bakıda yerləşən və ən yüksək beynəlxalq standartlarla yeni nəsillər yetişdirən Azərbaycan-Fransız Universiteti və yeni Fransız liseyi kimi mühüm təhsil layihələrinin bir hissəsi olmaqdan qürur duyuruq. Biz əlaqələrin daha da dərinləşməsini, Fransada təhsil alan azərbaycanlıların sayının artmasını, mədəni sahədə daha çox mübadilə həyata keçirmək, eyni zamanda daha güclü və şaxəli iqtisadi əlaqələr istəyirik.

- Fransa hər zaman vurğulayır ki, Azərbaycan ölkənizin regionda əsas ticarət tərəfdaşıdır. Bu tərəfdaşlıq hansı sahələri əhatə edir?

- Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer ötən ilin iyul ayında Bakıya səfəri zamanı biz Azərbaycan və Fransanın strateji iqtisadi əməkdaşlıq qura biləcəyi 5 mühüm sahəni müəyyənləşdirmək qərarına gəldik. Bu sahələr ətraf mühit, nəqliyyat, energetika, təhlükəsizlik və ikitərəfli investisiyanı əhatə edir. Bütün bu sahələrdə Fransa şirkətlərinin ölkənin gələcəyini dəyişməyə və əhalinin təmiz suya, təmiz göllərə, daha yaxşı nəqliyyata, bərpa edilə bilən enerjiyə tələbatını ödəməyə və əsas infrastrukturu qorumağa kömək edən müəyyən edilmiş mühüm layihələri var. İnvestisiya məsələsinə gələndə, beynəlxalq enerji şirkəti “Total” Azərbaycanla əlaqələrini genişləndirməyə hazırdır. Fransa Azərbaycanın mühüm iqtisadi layihələrimizə qoşulması üçün təkliflər təqdim edib. Burada kənd təsərrüfatı kimi mühüm sahə var. Bildirmək istədiyim budur ki, Fransa Azərbaycana dəstək olmaq istəyir.

- Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi hazırda nə qədərdir? Ötən illə müqayisədə bu göstərici artıb, ya azalıb?

- 2014-2015-ci illərlə müqayisədə son bir neçə ildə ticarət əlaqələrimizdə azalma müşahidə olunur, lakin 2019-cu ilin ilk 9 ayına baxsaq, əlaqələrdə müsbət dəyişikliklər görərik. Fransa gömrük göstəricilərinə əsasən, 2018-ci ildə qarşılıqlı ticarətin həcmi 614 milyon avro olub. Fransanın Azərbaycandan ixrac həcmi olduqca aşağı – 114 milyon avro olsa da, Azərbaycanın Fransadan ixrac həcmi təxminən 5 dəfə çox – 500 milyon avrodur. Beləliklə, Fransanın Azərbaycanla hələ də böyük həcmdə ticarət kəsiri var. Ümid edirik ki, bu, dəyişəcək və ticarət əlaqələrimiz gələcəkdə daha yaxşı, daha balanslaşdırılmış olacaq. Bu, tamamilə mümkündür, çünki Fransa şirkətləri Azərbaycan bazarını və ehtiyaclarını yaxşı bilir. Bu tələbatları ödəmək üçün işgüzar təkliflər irəli sürüb.

- Hazırda Azərbaycanda neçə Fransa şirkəti və Fransada neçə Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir?

 - Hesablamamıza görə, Azərbaycanda ofisi və yaxud daimi ticarət nümayəndəliyi olan 60 şirkət müntəzəm fəaliyyət göstərir. Bundan daha çoxu isə fərdi əsaslarla fəaliyyət göstərən şirkətdir.

- Fransa bu günədək Azərbaycan iqtisadiyyatına nə qədər investisiya yatırıb?

- Təəccüblü deyil ki, Fransa, əsasən də “Total” şirkəti tərəfindən enerji sahəsinə böyük sərmayə yatırılır. 2018-ci ildə Fransa bankının hesablamalarına görə, fransız investisiyalarının cari fondu 2018-ci ildə Azərbaycanda təqribən 600 milyon avro olub. Bu, əslində, fransız şirkətlərinin Azərbaycanda reallaşdıra biləcəyi biznes potensialından aşağıdır. Biznes mühitinin sürətlə inkişaf etməsinə baxmayaraq, yuxarıda qeyd etdiyim məsələ hələ də xarici investorlara asan başa gəlmir.

- SOCAR və “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənilməsi layihəsi üzrə danışıqlar aparırdı. Danışıqlar hazırda nə yerdədir? Hər hansı bir razılıq əldə olunubmu?

- Mənim bildiyimə görə müzakirələr hələ davam edir. Ümid edirəm ki, tezliklə razılıq əldə olunacaq. “Total” müasir texnologiyalar vasitəsilə ekoloji cəhətdən təmiz yolla Azərbaycanın gələcək inkişafında fərqlilik edə bilər. Bu, ölkədəki rəqabətli bazarlara və əməliyyatlara ən yaxşı beynəlxalq standartlarla fayda verə bilər. Bildiyiniz kimi, bu böyük qruplar ölkəyə kiçik miqyasda investisiyalar etmirlər. Razılaşdırılmış artıma nail olunmadığı hallarda isə müəyyən müddətdən sonra şirkətlər həmin ölkəni tərk edirlər.

- Qeyd etdiyimiz kimi, iki ölkə arasında əlaqələrdən bəhs edərkən daha çox iqtisadi münasibətlər vurğulanır. Siyasi əlaqələr barədə də eyni fikri söyləmək olarmı?

- Əlbəttə. Bizim siyasi münasibətlərimiz yaxındır, etibarlı və ən yüksək səviyyədədir. Bizim ikitərəfli münasibətlərimizin tarixi yüz il əvvələ gedib çıxır. Ötən il biz Fransa-Azərbaycan diplomatik münasibətlərinin 100 illiyini qeyd etdik. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev xaricə ilk səfərini Fransaya edərkən və orada Prezident Jak Şirakla görüşərkən bizim münasibətlərdə yeni bir səhifə açdı. Sabiq prezidentlər Nikola Sarkozi və Fransua Olland müvafiq olaraq 2011 və 2014-cü illərdə Azərbaycana səfər ediblər. Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi 2018-ci ildə Parisdə qarşıladı. 2019-cu ilin mart ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Baş Naziri və Fransa Milli Assambleyasının və Senatının prezidentləri ilə görüşdü. Artıq qeyd etdiyim kimi, İqtisadiyyat və Maliyyə naziri Lö Mari iyul ayında Bakıya səfər edib. Ölkələr arasında parlament üzvlərinin qarşılıqlı səfərlərini də unutmaq olmaz. Mən Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan bəri üç fransız senatoru Azərbaycana səfər edib. Eyni zamanda Milli Assambleyanın iki nümayəndəsinin də yaxın günlərdə səfəri gözlənilir.

- Fransa Prezidenti Emmanuel Makronun planlarında Azərbaycana səfər etmək niyyəti varmı? Varsa, nə vaxta gözlənilir? Fransa rəsmilərindən daha kimlərin yaxın vaxtlarda ölkəmizə səfəri nəzərdə tutulur? 

- Adətən, prezident səfərlərini açıqlamaq Yelisey sarayının vəzifəsidir. Lakin deyə bilərəm ki, iki ölkənin prezidentləri bu yaxınlarda danışıblar. Müzakirə olunan məsələlərə QİÇS, vərəm və malyariyaya qarşı mübarizə də daxildir. Fransa Azərbaycanın bu mühüm və qlobal məsələ üzrə BMT Qlobal Fondunun yaradılması barədəki vədlərdə göstərdiyi liderliyini yüksək qiymətləndirir.

- Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll yolunu dəstəklədiyini dəfələrlə bəyan edib. Lakin artıq münaqişə "dondurulmuş" statusunu alıb və 30 ilə yaxındır, bu istiqamətdə heç bir irəliləyiş əldə olunmayıb. Sizcə, sülhün əldə olunması və münaqişənin həlli niyə bu qədər gecikir?

- Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin davamlı diplomatik həll yolu tapılmalıdır. Fransa cari vəziyyətin bütün risklərindən tam şəkildə xəbərdardır. Fransa beynəlxalq hüquqa və effektiv çoxtərəfliliyə inanır. Fransa “status-kvo”nun tərəfdarı deyil və vəziyyəti hazırkı formada saxlamaqda heç bir marağımız yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilik cəhdlərini fəal şəkildə həyata keçirirlər.

- Azərbaycan tərəfi Fransa da daxil olmaqla, Minsk qrupu ölkələrinin münaqişənin həlli üçün daha çox səy göstərməsini istədiyini bəyan edir. Necə düşünürsünüz, Minsk qrupu, o cümlədən Fransa münaqişənin həlli istiqamətində daha artıq iradə ortaya qoya bilməzmi? "Bu məsələdə bir laqeydlik var" fikri nə dərəcədə əsaslıdır?

- Kiminsə bu məsələyə etinasız şəkildə yanaşdığını demək düz olmaz.

- BMT Baş Assambleyasının sentyabrda keçirilən illik sessiyası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda görüşü baş tutdu. Həmsədr ölkənin təmsilçisi kimi bu görüş barədə nə deyə bilərsiniz?

- Həmin görüş və ya digər görüşlər barədə həmsədrlərin bəyannamələrinə istinad edirəm.

- Növbəti suallarım Fransanın daha beynəlxalq məsələlərlə bağlı xarici siyasət barədədir... Prezident Makronun Rusiya ilə bağlı siyasəti beynəlxalq arenada siyasi ekspertlər tərəfindən tənqid olunur. Bəziləri Kremlin aqressiv xarici siyasətini əsas gətirərək, iddia edir ki, Makronun Avropanın Rusiyanı Qərbdən uzaq tutmaq kimi “strateji səhvi”ni düzəltmək istiqamətindəki cəhdləri yanlışdır. Necə düşünürsünüz, əlaqələrin yaxınlaşması baxımından Rusiyaya şans vermək doğrudurmu?

- Fransa Avropanın təhlükəsizliyinə sadiqdir. Təbii ki, Rusiya Avropanın bir hissəsidir. Bizim qitədə terrorizmdən tutmuş kibertəhlükəsizliyə, dondurulmuş münaqişələrdən Ukrayna məsələsinə qədər çoxsaylı çətinlik var. Ona görə də Prezident Makronun dediyi kimi “inam və təhlükəsizlik arxitekturasının yenidən qurmaqla bağlı axtarışdayıq”. Düşünürəm ki, bu, həm Rusiya, həm Fransa, həm də Azərbaycan və digər Avropa ölkələrinin marağındadır.

- Yekunda qlobal arenada hazırda ən çox müzakirə olunan siyasi mövzu - “Brexit” barədə. Rəsmi Parisinin bu məsələdə mövqeyi necədir?

- Bu məsələnin necə həll olunacağı Böyük Britaniyanın Avropa İttifaqı ilə hansı növ münasibətə üstünlük verəcəyindən asılıdır. Əgər belə olarsa, şəxsən bir müddət Birləşmiş Krallıqda yaşamış biri kimi, mən ölkənin Avropa İttifaqının sıralarını tərk etməsinə kədərlənəcəyəm. Ancaq bu əlaqənin hansı xüsusiyyəti olursa olsun, Birləşmiş Krallıq bizim qonşumuz olaraq qalacaq. Fransa və Birləşmiş Krallığı bir-birinə bağlayan uzun tarix və bütün sahələrdə yaxın əlaqələri var. Bu, heç vaxt dəyişməyəcək.

Şərh