Rusiyanın NATO ölkələrinə hücumunu təqdir edəcəm: Donald Tramp
12.02.2024

2024-cü ildə dünyanın taleyi həll ediləcək. Bayden qalib gəlsə, o yenidən ABŞ-ın var gücünü səfərbər edərək ortaya qoya biləcək və biz tamamilə fərqli səhnə görəcəyik, bilirsiniz niyə?

2021-ci ildə Bayden administrasiyasının bir çox üzləşdiyi problemlər artıq həllini tapıb. O zaman, əsas problem NATO-nun faktiki olaraq parçalanmış durumda olması idi və Baydenin əsas məqsədi Qərb koalisiyasının birliyinin bərpası idi. Bayden bunu etdi. 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Avropanın iqtisadi (Almaniya) və hərbi (Fransa) nəhəngləri sayılan ölkərin qətiyyətsiz mövqeləri yadınızdadırmı? Bu ölkələrin bugünkü mövqelərilə müqayisə edin. Almaniya və Fransa kəskin formada silah istehsalını artırır və Ukraynaya hərtərəfli dəstəyi gücləndirir. Eyni sözləri bir çox ölkələrə şamil etmək olar. Başqa sözlərlə 2021-2022-ci illərdə Qərb koalisiyanın qarşısında olan bir çox problemlər artıq mövcud deyil və bu fakt demokratların işini asanlaşdırır.

2024-cü ildə demokratların qələbəsi təqdirdə ABŞ-ın Rusiyaya qarşı siyasəti kəskin aqressivləşəcək. Həm xaricdən, həm daxildən siyasi müdaxilələr müstəvisində.

Putin bilir ki, ABŞ 2021-2022-ci (2022-ci ildə demokratlar Nümayəndələr Palatasında çoxluğu itirmişdilər və nəticələr göz qabağındadır) ildə olduğu kimi daxili birliyə nail ola bilsə və yenidən qətiyyəti ortaya qoysa, vəziyyət yumşaq desək heç də ürəkaçan olmayacaq, çox güman ki Putinin devrilməsilə nəticələnəcək.

Bu səbəbdən də Putin son siyasi kartlarını (Taker Karlson, Trampın açıq mövqeyi, respublikaçıların açıq-aşkar Ukraynaya yardımın əleyhinə çıxması və s) masaya qoyur.

Trampın qələbəsi təqdirdə isə, post-sovet məkanı və Avropanın bir hissəsi Rusiyanın təsir dairəsinə veriləcək. Buna, heç kimin zərrə qədər şübhəsi olmasın. Tramp artıq 2017-ci ildəki Tramp deyil, azğınlaşıb, qəddarlaşıb, Kremldəki ağası kimi...

"Rusiyanın NATO ölkələrinə hücumunu təqdir edəcəm" sözləri sıradan bir sözlər deyil, Rusiyanın Baltikyanı ölkələrə təcavüzün anonsudur. Təbii ki, Tramp 2024-cü ildə seçilsə...

Politoloq Kamran Cəfərov

visiontv.az