Rusiyanın Ermənistanı həmişə və hər yerdə müdafiə etməsinin çox sadə bir izahı var-Alqış Musayev
Rusiyanın Ermənistanı həmişə və hər yerdə müdafiə etməsinin çox sadə bir izahı var-Alqış Musayev
19.12.2020 Alqış Musayev Tərəfindən

Tarix boyunca Qafqazın hakim etnosu türklər olub və bu gün də belədir. Türk etnosu geosiyasi faktordur və Rusiyanın - həm də regionda marağı olan bir çox güclərin - hesablaşmalı olduğu bir gücdür. Amma ermənilər geosiyasi faktor yox, geosiyasi alətdir.

Hadisələr göstərir ki, artıq Ermənistan bir geosiyası alət kimi öz əhəmiyyətini itirmək üzrədir. Azərbaycan Prezidenti son çıxışlarının birində Ermənistanı ”dalan" adlandırdı. Bu heç də təsadüfi deyil. Siyasi mətnlərdə təsadüfi ifadələr olmur. Gerçəkdən Ermənistan günbəgün bölgədə bir küncə - bucağa çevrilməkdədir. Rusiyanın hakim siyasi elitasında məsələyə məhz bu istiqamətdən yanaşan təhlilçilər kifayət qədərdir. Şimal qonşumuzun qafqazlardakı mövqeyini də ənənəvi “erməni sevgisi” yox, yalnız bu istiqamətdə atılacaq addımlar həll edə bilər. Yəqin ki, Rusiyanın geosiyası faktorla “geosiyası dalan” arasında seçim etməyi qaçılmaz olacaq". Unutmayaq ki, Rusiya həmişə regionda gedən, həm də daha çox onun müəllifi və ya əsas müəlliflərindən biri olduğu hərbi siyasi proseslərdə öz dövlət maraqlarından çıxış edir. 10 noyabrda da Rusiya gücləri Qarabağa hər şeydən öncə rus məramıyla gəlib. Amma bizim gözləntlərimiz ondan ibarətdir ki, Rusiya silahlıları sülhməramlı qüvvələr kimi fəaliyyət göstərsin. Əslində bu gün Rusiyanın əlinə tarixi bir şans düşüb. Sirr deyil ki, son bir neçə əsrdə çar soldatı, bolşevik əsgəri Azərbaycanın ictimai fikrində özünün işğalçı, təcavüzkar obrazını formlaşdırıb. Bizim gen yaddaşımızda, milli şüurumuzda rus əsgəri ilə bağlı kifayət qədər neqativlər var və həmin neqativlər bu gün də öz aktivliyini qoruyub saxlayır. Yüzlərlə qanlı-qadalı fakt sadalamaq olar. İndi Qarabağa gələn rus ordusu özünün davranışıyla həmin işğalçı rus əsgərinin obrazını müsbətə doğru dəyişə bilər. Cünki Rusiya əgər regionda qalmaq, nüfuzunu qoruyub saxlamaq istəyirsə, özünün rus məramını Azərbaycanın maraqlarına cavab verən sülh məramıyla uzlaşdırmağı bacarmalıdır. Əks təqdirdə, Azərbaycanı itirməklə o, bütövlükdə regiondakı mövqeyinə ciddi zərbə vuracaq. Nəzərə alaq ki, çox şey dəyişib. Azərbaycan əvvəlki, Azərbaycan deyil. Türkiyənin regiona müdaxiləsi gerçəkləşır Rusiya da əvvəlki halından xeyli fərqli bir duruma gəlib. Bu səbəbdən Rusiya bundan sonra Qafqazlardakı yerini və nüfuz dairəsini təkcə özünün istədiyi formada və məzmunda yox, regionun lider dövləti Azərbaycanın - Türkiyənin müttəfiqliyi ilə - razılıq verdiyi şərtlər çərçıvəsində müəyyən edə biləcək.

Rusiya prezidenti Vladimir Putin vaxtaşırı Türkiyə və Azərbaycan liderləri barədə yüksək fikirlər söyləyir. Elə ötən gün onun prezident Ərdoğan barədə “kişi adamdır, sözünü tutur” açıqlaması da Rusiya ilə Azərbaycan və Türkiyənin münasibətlərini pozmaq istəyənlərə cavabdır. Belə olan halda Rusiya rəhbərliyi münasibətləri pozmaq istəyənləri yerində oturtmalıdır. Rusiyadakı ermənipərəstlər və ermənilər yenə də aranı qarışdırmaq istəyirlər...

“Yeni Müsavat”