Rusiya Baş Kəşfiyyat İdarəsinin rəis müavini güllələnib
07.02.2026

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Moskvada güllələnərək yaralanıb. Müstəntiqlər hadisənin sui-qəsd olduğunu deyirlər.

İstintaq Komitəsinin məlumatına görə, general-leytenant Vladimir Alekseyev fevralın 6-da bir neçə dəfə, o cümlədən kürəyindən güllələnib, xəstəxanaya yerləşdirilib. Onun durumu açıqlanmayıb.

Komitə silahlıların hadisə yerindən qaçdığını bildirir.

Təsdiqlənməmiş media məlumatlarına görə, Alekseyev mənzilindən çıxarkən yaşadığı binanın pilləkənində güllələnib.

Alekseyev QRU-nun komandan müavinidir. Müdafiə Nazirliyinin bu kəşfiyyat qurumu diversiya, sui-qəsd, casusluq və kiberhücumlar ilə ad çıxarıb.

Böyük Britaniya Alekseyevin adını 2018-ci ildə Solsberidə keçmiş rus casusu Sergey Skripalın "Noviçok" qazı ilə zəhərlənməsi ilə bağlı çəkib. Həmin hadisədə zəhərə təsadüfən məruz qalan bir britaniyalı qadın ölüb.

Generalların ölümü

Alekseyevin gerçəkdən sui-qəsdə tuş gəldiyi təsdiqlənsə, bu, son illər Moskvada yüksəkrütbəli hərbçilərə hücumlar silsiləsinin davamı olar.

Bu hücumlarla bağlı əsasən Ukrayna kəşfiyyat qurumlarından şübhələnirlər. Son illər onlar Rusiyada bir sıra diversiya və sui-qəsd əməliyyatları gerçəkləşdiriblər.

Dekabrda Baş Qərargahın əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov Moskva yaxınlığında avtomobilinin altında bomba partlaması nəticəsində həlak olub.

Səkkiz ay öncə isə Baş Qərargahın əməliyyat idarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik Moskva yaxınlığında avtomobil partlayışında öldürülüb.

2024-cü ildə Rusiyanın nüvə və kimyəvi silahlardan mühafizə qüvvələrinə cavabdeh zabit Moskvadakı yaşayış binasının qarşısında elektrik skuteri partladılaraq öldürülüb.

visiontv.az