Belqorod və Bryanskda energetika obyektlərinə hücum olub, istilik, işıq, su kəsilib
07.02.2026

Belqoroda hücum nəticəsində elektrik təchizatı qismən kəsilib. Məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yayıb.

Qladkov yazıb ki, Belqorod şəhərinin, bir sıra dairələrin enerji infrastrukturu böyük miqyasda zədələnib. O, bərpa işlərinin bütün gecə davam etdiyini, Belqorodda elektrik enerjisinin verilişini tam həcmdə bərpa olunmadığını bildirib.

Daha öncə yerli sakinlər partlayış səsləri barədə məlumat veriblər. Belqorodun mərkəzində istilik təchizatında fasilələr yarandığı xəbər verilib.

"Astra"nın təhlilinə görə, Belqorod İES-in şimal hissəsinə hücum olub.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz isə Ukrayna ordusunun energetika obyektlərinə yeni zərbələr endirdiyini bildirib. Bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 6-na keçən gecə 38 Ukrayna dronu vurulub. Onlardan 26-sı Bryansk, 10-u isə Belqorod vilayəti üzərində məhv edilib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Ukrayna qüvvələri Belqorod və digər sərhəd vilayətlərinə hücumlar edib.

Rusiyanın Kiyevə raket və dron zərbələri isə yanvarda 1 milyonadək insanın işıqsız qalmasına səbəb olub.

visiontv.az