Respublika Elmi-Texniki Kitabxanasında sərgi: Qadın dünyası
05.03.2024

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən “Qadın dünyası” adlı sərgi açılıb.

Agentlikdən  AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən kitabxananın İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova sərginin maarifləndirmə baxımından töhfə verəcəyini bildirib. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu cəmiyyətin zərif hissəsi olan qadınlar haqqında danışaraq ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini qeyd edib. Kitabxananın direktoru Mübariz Məmmədli sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Milli Xalça Muzeyi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının əməkdaşları iştirak ediblər.

Martın 6-dək davam edəcək sərgidə kitabxananın xarici fondunda saxlanılan nəşrlər, o cümlədən XIX əsrin 80-90-cı illərində moda, dizayn, tikmə, toxuma, ayaqqabı, zərgərlik məhsulları, aksesuarlar, dəri məmulatı və qida texnologiyasına aid ingilis, fransız, alman və italyan dillərində nəşr edilmiş 38 adda 150 jurnal və digər kitablar nümayiş olunur.

visiontv.az