Rəsmi Tehran indiki mərhələdə Azərbaycanla şantaj dilində danışmağın anlamsızlığını dərk edib
Rəsmi Tehran indiki mərhələdə Azərbaycanla şantaj dilində danışmağın anlamsızlığını dərk edib
22.10.2021 Sahib Alıyev Tərəfindən

İranın yükdaşıyanlarını Ermənistan üzərindən Laçına və Qarabağa getməməklə bağlı təlimatlandırması onu göstərir ki, rəsmi Tehran da ən azından indiki mərhələdə Azərbaycanla şantaj dilində danışmağın anlamsızlığını dərk edib.

Biz isə bu təlimatdan dərhal sonra  dövlətimizin izni olmadan Ermənistan üzərindən Qarabağa “yük” daşıyan iki iranlı sürücünü həbsdən buraxdıq. Söhbət hansı “yük”lərdən gedir, nədən onlarla sürcünün içindən məhz həmən iki nəfər tutulub saxlanmışdı, o haqda heç bir açıqlamanın verilməməsi və məhkəməyə çıxarılmadan onların açılıb buraxılması rəsmi Bakının İranla aramızda gərginliyin qalmasında qətiyyən maraqlı olmadığının növbəti təsdiqidir k, burada qonşu ölkədə  milyonlarla soydaşımızın varlığı faktoru da az rol oynamır.

Amma təəssüf ki, Azərbaycana yanaşmada da “vilayəti-fəqih” fəlsəfəsindən çıxış edildikcə, bu gərginlik qalacaq və zaman-zaman artacaq da.  Aydındır ki, “vilayəti-fəqih”  anlayışı molla rejiminin əbədiliyini təmin etmək məqsədi daşıyan yumşaq desək, ideoloji bir  platformadır.  Onu işləyib-hazırlayanlar anlamalıdırlar ki, Azərbaycan Livan, İraq və Yəmən deyil, istəkləri burada keçməyəcək. Və təkcə ona görə yox ki, burada oturuşmuş sekulyar bir dövlət var. Həm də ona görə ki, biz Arazın o tayındakı milyonlarla soydaşımızın necə əziyyət çəkdiklərini və nədən əziyyət çəkdiklərini yaxşı görürük.  Göz isə gördüyündən qorxar.

Bilirsiniz, islamın xristianlıqdan əsas fərqlərindən biri  ondan ibarətdir ki, Allahla bəndə arasında ötürücüyə, yəni keşişə ehtiyac yoxdur. Yoxdursa, demək, "ayətullah əl uzma", "höccətül islam", "höccətül islam vəl müslimin" adı daşıyanlara bu rütbə Allaha daha yaxın olduqlarına görə deyil, dini yaxşı mənimsədikləri üçün  verilib.

İslamda Allaha yaxınlıq və bundan doğan üstünlük  yalnız əməl, iman və ibadətə dayanır. Əməli ilə dedikləri üst-üstə düşməyən, Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin altını-üstünə çevirib içində heyvan saxlayanlarla az qala ağız-ağıza öpüşən “ayətullah”lar bizə necə yaşamalı olduğumzla bağlı yol göstərə bilərlərmi? Buna mənəvi haqları varmı? Əlbəttə yoxdur!

Ümumiyyətlə, bizim buradakı bəzi din təmsilçiləriylə irandakılar arasında müqəllid-müctəhid bağlantısına son qoyulmalıdır! Bir daha vurğulayıram ki, islamda ibadət edənlə Allah arasında xristianlardakı keşiş funksiyasını yerinə yetirənlərə ehtiyac olmadığı kimi  avtokefallıq anlayışı da yoxdur. Bu isə o deməkdir ki, bir islam ölkəsindəki dini mərkəz başqa birindəki dini mərkəzdən asılı ola bilməz. İslam belə asılılığı tanımır və yaxşı ki tanımır.

Biz hazırda diqqəti məhz buna yönəltməli, Azərbaycandan da çox digər ölkələrdəki soydaşlarımızı dinə  xidmət adı altında casusluğa, terrora və digər zərərli əməllərə cəlb edilmələrinin qarşısını almalıyıq. Həm də təkcə dövlət deyil, cəmiyyət olaraq da bu yöndə əlimizdən gələni əsirgəməməliyik. Və unutmamalıyıq ki, vahabilər, FETÖ-çülərdən də təhlükəli olan dini şəbəkə müqəllid-müctəhid bağlantısı üzərində qurulan şəbəkədir. O, Azərbaycanda dağıdılmalıdır. Ümid edirəm ki, dağıdılacaq da.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az