"Rəsmi Tehran Azərbaycanın tələbləri ilə bağlı vaxt uzatmaqla məşğuldur..."
"Rəsmi Tehran Azərbaycanın tələbləri ilə bağlı vaxt uzatmaqla məşğuldur..."
07.06.2023 MEDİA Tərəfindən

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycan tərəfinin gözləntiləri var və biz bunu İran tərəfinə açıq şəkildə çatdırmışıq. İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir.

Azərbaycan və İran arasındakı diplomatik əlaqələrdə hər hansısa irəliləyişin olacağı gözlənilirmi? Bu barədə millət vəkili Bəhruz Məhərrəmovun Visiontv.az saytına bunları bildirdi:

"Biz bütün dünya xalqları ilə, o cümlədən də qonşularımızla sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayırıq, o cümlədən də İranla. Ortaq tariximiz, min illər davam edən əlaqələrimiz Azərbaycan-İran münasibətlərini ən yüksək səviyyəyə yüksəltmək üçün ciddi zəmin verir, lakin Tehranın xüsusən son bir neçə ildə yürütdüyü siyasət bütün mümkün perspektivləri heçə endirir. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi dövründə bizim İrandan ciddi gözləntilərimiz olub, xüsusən müsəlman Azərbaycanı "İslam"  respublikasının haqq-ədalət yanlısı kimi davranacağını gözləyirdi. Amma nə gördük? İşğalçı Ermənistan müharibəyə qədər, 44 günlük savaş ərzində və sonra İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə etdi, Tehran özü həm işğalçıya, həm separatçılara açıq dəstək verdi, habelə təlimlər keçməklə Azərbaycana güc nümayiş etdirdi.

Tehran bütün cəhdlərində lazımi forma və qaydada cavabını alıb yerinə oturdulduqdan sonra terror yoluna əl atdı. İlk növbədə Azərbaycandan olan bir qrup terrorçuya  İranda sığınacaq verərək  informasiya müharibəsində anti-Azərbaycan, anti-türk fəaliyyətə, o cümlədən insanların dini hisslərindən istifadə edərək onları Azərbaycanda dövlət əleyhinə hazırlamaq kimi fəaliyyətə cəlb etdi. Daha sonra səfirliyimizə hücum, ardınca deputatımıza sui-qəsd, o cümlədən Azərbaycandakı casus şəbəkəsi ilə uğursuz şoular.
Əlbəttə, Tehrandan bütün təcavüzkar cəhdlər ifşa edildi və İran özü hər dəfə çətin duruma düşdü. Lakin bütün hallarda biz hər dəfə müəyyən körpülər saxlamağa çalışaraq yalnız özümüzü müdafiə edib İrana həddini bilməsini təmin etmişik.

Cənab İlham Əliyevin Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda da ifadə etdiyi kimi, "Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur".

Təbii ki, biz İranla münasibətlərimizin gərgin qalmasını arzulamırıq, lakin bunun üçün maraqlarımızın, o cümlədən bölgədə sülh və sabitliyin təhdid olunmadığına, İranın haqqa, hüquqa və qonşusuna hörmətlə yanaşdığına əmin olmalıyıq. Bunun üçün isə Bakının çox sadə şərtləri var. Dövlət başçısı mayın 3-də Şuşada  həmin şərtləri açıq formada ifadə etdi:  

Birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış terrorçuların ekstradisiyası baş tutsun. 

İkincisi, səfirliyimizə qarşı törədilmiş terror hücumu şəffaf araşdırılsın. Cənab Prezidentin də ifadə etdiyi kimi, "Bizim tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq".

Azərbaycan xarici işlər nazirinin mövqeyini təhlil edərkən isə aydın olur ki, Tehran bizim tələblərimizlə bağlı faktiki olaraq sadəcə vaxt uzatmaqla məşğuldur  və heç bir əməli tədbir görmür. 

Bu mənada yalnız onu proqnozlaşdırmaq olar ki, hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədə olan Azərbaycan-İran münasibətləri hələ ki mümkün heç nə vəd etmir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik".

Bünyamin Bünyadzadə

Visiontv.az