Rəisinin ölümü Yaxın Şərqə təsir edəcək - "Associated Press"
21.05.2024

"Associated Press" xəbər verir ki, İran prezidenti İbrahim Rəisinin, ölkənin xarici işlər nazirinin və digər rəsmilərin həlak olduğu helikopter qəzasının İranın təsirinin geniş olduğu Yaxın Şərqdə əks-səda doğuracağı ehtimal edilir.

Bunun səbəbi İranın Livan, Suriya, İraq, Yəmən və Fələstin ərazilərində terror təşkilatlarını dəstəkləmək üçün onilliklər sərf edib və bu İrana öz gücünü nümayiş etdirməyə imkan yaradır.

Eyni zamanda bu üsulla İran rejimi özünü ABŞ və ya İsrailin potensial hücumlarının qarşısını almağa imkan verir.

İsrail uzun müddətdir ki, Tehranın nüvə proqramı, ballistik raketləri və terror təşkilatlarına verdiyi dəstək səbəbindən İranı özünün ən böyük təhlükəsi hesab edir.

İran özünü İsrail rejiminə qarşı Fələstinin müqavimətinin əsas himayədarı hesab edir və yüksək səviyyəli rəsmilər illərdir İsraili xəritədən silməyə çağırıblar.

Xamneyinin himayədarı və mümkün varisi kimi qəbul edilən Rəisi keçən ay “İsrail 75 ildir Fələstin xalqına qarşı zülm edir” açıqlaması vermişdir.

“İlk növbədə qəsbkarları qovmalıyıq, ikincisi, onlara vurduqları bütün zərərin əvəzini ödətməliyik, üçüncüsü, zalımı məsuliyyətə cəlb etməliyik” Rəisi əlavə edib.

Bazar günü helikopterin qəzaya uğramasında İsrailin əli olduğuna dair heç bir sübut yoxdur və İsrail rəsmiləri insidentlə bağlı şərh verməyib.

İran Ukraynanın bir hissəsini işğal edən Rusiyanın əsas müttəfiqi kimi də rol oynayır.

İran Ukrayna şəhərlərini xarabalığa çevirən dronları Rusiyaya təmin etməkdə ittiham olunur. Bununla bağlı mediada sübut xarakterli görüntülər paylaşılıb.

İran rəsmiləri pilotsuz təyyarələrlə bağlı ziddiyyətli şərhlər veriblər. ABŞ və Avropa rəsmiləri isə deyirlər ki, Ukraynada müharibə başlayandan bəri İrandan Rusiyaya silah axını daha da güclənib.

Şahin Elxanoğlu

visiontv.az