Regionda sülhün əleyhinə yönələn qətnamə: Azərbaycan haqlı olaraq Fransanın vasitəçilik missiyasını rədd edir
Regionda sülhün əleyhinə yönələn qətnamə: Azərbaycan haqlı olaraq Fransanın vasitəçilik missiyasını rədd edir
17.11.2022 Sahib Alıyev Tərəfindən

Fransa Senatının Regionda sülhün yaranmasının əleyhinə yönələn qətnaməsi onu göstərir ki, Azərbaycan çox haqlı olaraq bu ölkənin vasitəçilik missiyasını rədd edir.

Çünki ikinci Qarabağ savaşı başlayandan üzü bəri Fransanın təxribatçı, qərəzli, bir sıra hallarda isə düşməncəsinə davranışlarıyla üzləşmişik. Belə hərəkətləri görəndə istər-istəməz sual yaranır ki, qarşı tərəfə bunun üçün əsas verilibmi? Fransanın bu regionda iqtisadi marağının daha çox Azərbaycanda təminini, sözü gedən dövlətin ən yüksək səviyyədə dilə gətirdiyi “biz sizin də dostunuz olacağıq” vədinə də dayanaraq Ulu Öndər Heydər Əliyevin də, 2018-ci ilə kimi cənab İlham Əliyevin də Prezident seçildikdən sonra ilk səfərlərini məhz Parisə etdiklərini, Heydər Əliyev Fondunun həmən ölkədəki xeyirxah fəaliyyətini nəzərə alaraq əminliklə deyə bilərik ki, yox!

Ona görə də Fransa Senatının növbəti məsuliyyətsiz, beynəlxalq normalara zidd və təxribatçı addımı fikrimcə, təkcə pislənməməli, həm də simmetrik də olmasa, asimmetrik cavab addımı atılmalıdır.

Hələ də müstəmləkəçilik siyasəti yeridən, törətdiyi soyqırımlarla, işğallarla Ermənistan kimi kiçik bacılarını kölgədə qoyan, sərhədlərindən minlərlə kilometr uzaqda 13 ayrı-ayrı yerdəki adaları özünün “dənizaşırı torpaqları” adlandıran Fransaya kimliyi xatırladılmalıdır, necəki bunu Ərəb Liqası Dövlətlərinin Əlcəzairdəki Sammitində cənab İlham Əliyev etdi.

Noyabrın 26-da Fransanın həmən Əlcəzairdə törətdiyi dəhşətli vəhşiliklərdən birinin növbəti ildönümüdür. Təklif edirəm ki, Azərbaycan parlamentində o vəhşiliyin pisləndiyi qətnamə hazırlansın, çünki insanlıq əleyhinə cinayətlər heç vaxt unudulmur və unudulmamalıdır.

Və yaxşı olardı ki, həmən sənəddə Cenevrə Konvensiyasını ilk imzalayan, ən qəddarcasına ilk onu pozan Fransanın təkcə Əlcəzairdə deyil, hətta 20-ci əsrin ikinci yarısında da dünyanın bir neçə ölkəsində törətdiyi soyqırımları əksini tapsın. Qara dərili deputata “çıx get öz Afrikana” deyilən rasizm yuvası Fransa Parlamentində qoy bilsinlər ki, strateji səbri ilə tanınan ləyaqətli bir xalq kimi zamanı çatanda cavablarını artıqlamasıyla verəcəyik.

Eyni zamanda Fransada sayı oradakı haylardan iki dəfə çox olan əlcəzairlilər də kimin kim olduğunu görməlidirlər. Ola da bilsin ki, bu, növbəti seçkilərdə onların davranışına təsirsiz ötüşməyəcək, bizim diasporla daha sıx əlaqə qurmalarında bir körpü rolu oyanayacaq.

millət vəkili Sahib Alıyev

visiontv.az