Ramiz Mehdiyev, uzun illər ərzində etdikləri ilə qarşılaşır
Ramiz Mehdiyev, uzun illər ərzində etdikləri ilə qarşılaşır
11.02.2022 Nəsib Məhəməliyev Tərəfindən

Son günlər Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin fəaliyyəti sosial şəbəkələri, gündəmi zəbt etmişdir. Akademiyanın üzvləri, elmi tədqiqat institutlarının direktorları, ziyalılar, millət vəkilləri, jurnalistlər, büyövlükdə cəmiyyətin əksər təbəqələri tərəfindən Mehdiyevin istefası tələb olunur. Bəzi hallarda, kifayət qədər sərt tənqidlərlə “Get” çağırışları səsləndirilir. Etiraf etməliyik ki, bu məsələdə xalqın fikri yekdildir və Ramiz Mehdiyevə münasibətdə ifrat dərəcədə mənfidir.

Sual yaranır. Bu qədər nifrətin yaranmasının səbəbi nədir? Adam uzun illər dövlət idarəetmə sisteminin ən yüksək pillələrində çalışmış, yüz minlərlə, milyonlarla insanın taleyində əhəmiyyətli rol oynamışdır. Əslində isə, əvvəl Ulu Öndər Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin yaratdığı şəraitdən dövlətin mənafeyinə uyğun yararlanmaqla, xalqın sevdiyi, rəğbət bəslədiyi şəxs kimi tarixə adını yazdıra bilərdi. Ancaq, o başqa yol seçdi. Korporativ maraqlarını dövlət maraqlarından üstün tutdu. Əksər qərarların qəbulunda subyektiv amillərə üstünlük verir, müxtəlif səviyyəli rəhbər kadrlara münasibətdə peşəkarlıq yox, həmin adama meyar olaraq, onun özəl münasibəti əsas götürülürdü. Uzun illər ərzində, dəfələrlə vəzifə səlahiyyətlərini kobudcasına pozan, qanunları, əxlaq normalarını ayaqlar altına atan, ümumiyyətlə ailə tərbiyəsinin nə olduğunu bilməyən, gündəlik fəaliyyətlərində  insanların həyatını zəhərləyən, saysız-hesabsız cinayətlər törədən şəxslərə himayədarlıq etməsi, onun həyat prinsipinə çevrilmişdi. 

Bütün bunlar, Ramiz Mehdiyevin statusuna rəğmən dövlət adamı deyil, qəlbi kin-küdurətlə, qisasçılıq hissi ilə dolu cılız insan kimi mənfi obrazını formalaşdırmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki il əvvəl 82 yaşlı Mehdiyevi fəaliyyətindəki bəzi müsbət məqamları qeyd edərək böyük humanistlik nümayiş etdirdi. Şəxsən qəbul etdi və  dövlətin ən ali ordeni, “Heydər Əliyev” ordeni ilə təltif etdi. Akademiyaya rəhbərliyi həvalə etdi. Xalql gözləyirdi ki, o təşəkkür etməklə, yeni vəzifədən imtina edəcək və ahıl yaşında qalan həyatını evində keçirəcək. O isə, əlavə olaraq, təhlükəsizlik şurasının üzvü olmaq istədiyini bildirdi. Cənab Prezident yenə də humanist davranış göstərdi və müvafiq sərəncam verdi. Nə ehtiyac vardı buna. Fiziki cəhətdən aşınmış bir insanın təhlükəsizlik şurasında nə xeyri ola bilər. Müasir beynəlxalq təhlükəsizlik sistemində sovet təfəkkürünə qətiyyən yer yoxdur. Burada qlobal strateji düşüncə qabiliyyətinin, analitik keyfiyyətlərin olması vacibdir. 

AMEA-da fəaliyyətinə gəldikdə isə, burada da Mehdiyev ictimaiyyəti təəccübləndirməyi bacardı. İlk zamanlar ayrı-ayrı nazirləri, məmurları dəvət etməklə, müşavirələr keçirməsi, yumşaq desək qəribə görünürdü. Özünü prezident administrasiyasının rəhbəri kimi aparır, hesab edirdi ki, onsuz dövlət batar. Geosyasi məsələlərlə, xarici, daxili  siyasətlə bağlı müxtəlif məsləhətlər verir. Uzun illər, ancaq elmi fəaliyyətlə məşğul olunmuş insanları işdən qovmaqla, çoxsaylı intriqalara yol açdı.  Mətbuat, Akademiyanın  elmi fəaliyyətindən  başqa, hər şeydən yazdı. 

Ancaq hər şey əksinə oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Qələbə qazandı. 30 illik işğala son qoyuldu. Tarixi Şuşa Bəyannaməsi imzalandı. Ölkənin beynəlxalq nüfuzu kəskin artdı. 

Burada, Ümummilli Lider Heydər Əliyevin sözlərini xatırlatmaq yerinə düşər. 

“Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun” . 

Düşünürəm ki, hələ də gec deyil. Ramiz Mehdiyev xalqın səsini eşitməli, akademuk camiyyəni toplayaraq, halallıq istəməli və vəzifəsindən istefa verməlidir. 

Həyat bumeranqdır. Etdiklərin mütləq qarşına çıxır. Mehdiyev, uzun illər ərzində etdikləri ilə qarşılaşır.

millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az