Qırğızıstanda partiya sədri dövlət çevrilişinə hazırlıqlarda ittiham olunur
06.06.2023

Qırğızıstanda dövlət çevrilişinə hazırlıqlarda iştirak etdikləri üçün saxlanılanların arasında Japarov tərəfdarları qərargahının sabiq rəisi də yer alır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanılan “Eldik Keneş” partiyasının lideri Roza Nurmatova əvvəllər Prezident Sadır Japarov tərəfdarlarının qərargahına rəhbərlik edib.

Nurmatova 2011-ci ildə Qırğızıstan prezidentliyinə namizəd Kamçıbek Taşiyevin (hazırda Milli Təhlükəsizlik Komitəsinin rəhbəri) səlahiyyətli nümayəndəsi olub, daha sonra Japarov və Taşiyev tərəfdarlarının qərargahına rəhbərlik edib.

Həmçinin qeyd olunub ki, Nurmatova 2012-ci ildə “Ata-Jurt” partiyasının qərargahının rəhbəri olub və 2012-ci ilin oktyabrında baş verən iğtişaşlar zamanı Japarov və Taşiyevi dəstəkləyən bəyanatlar verib, bundan sonra onlar saxlanılıb və mühakimə olunublar.

Nurmatova 2005-ci ildə Qırğızıstan hökumətinin sosial siyasət və mədəni inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

2010-cu ildə isə Nurmatova “Eldik Keneş” partiyasını yaradıb.

Xatırladaq ki, ötən gün Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi sonradan hakimiyyəti ələ keçirmək məqsədilə iğtişaşlar planlaşdıran qrupun 30-dan çox üzvünü saxlaması barədə məlumat yayıb.