İsrail mediası Qətərin ABŞ rəsmilərinə HƏMAS-ın yüksək səviyyəli liderlərini öz ərazisindən çıxarmağa hazır olduğunu bildirdiyini yazıb. Məlumata görə, bu məsələ HƏMAS-ın İranın son raket hücumlarını pisləməkdən imtina etməsindən sonra gündəmə gəlib.
İsrailin “jfeed” nəşrinin yaydığı xəbərə əsasən, illərdir siyasi bürosunu Dohada yerləşdirən HƏMAS rəhbərliyinin İranın raket hücumları nəticəsində mülki şəxslərin hədəf alınmasını pisləməməsi Qətər rəsmilərinin narazılığına səbəb olub. Bildirilir ki, Doha bu mövqeyi “qırmızı xətt” kimi qiymətləndirib və təşkilatın liderlərinə ev sahibliyinin davam etdirilməsini siyasi baxımdan baha başa gələn addım hesab edir.
Məlumata görə, Qətər rəsmiləri amerikalı həmkarları ilə aparılan danışıqlarda mövcud vəziyyətin davam edəcəyi təqdirdə HƏMAS liderlərinin ölkədən çıxarılması ehtimalının gündəmdə olduğunu bildiriblər. Son illərdə Qətər HƏMAS üçün regionda ən mühüm siyasi mərkəzlərdən biri sayılırdı və təşkilatın Dohadakı siyasi bürosu onun beynəlxalq əlaqələrində mühüm rol oynayırdı.
Hesabatda qeyd olunur ki, belə bir qərar qəbul edilərsə, HƏMAS rəhbərliyi üçün yeni yerləşmə variantları məhdud olacaq. Mümkün istiqamətlər kimi Livan və Türkiyənin adı çəkilir. Lakin hər iki ölkənin bu təşkilat üçün yeni fəaliyyət mərkəzinə çevrilməməsi istiqamətində siyasi təzyiqlərlə üzləşdiyi bildirilir. Livan hazırda İsrailin hərbi hücumları ilə qarşı-qarşıyadır, Türkiyə isə belə bir addımın siyasi və iqtisadi nəticələri baxımından ehtiyatlı mövqe sərgiləyir.
Eyni zamanda bəzi İsrail rəsmiləri bu ehtimalı mühüm diplomatik uğur kimi qiymətləndirirlər. Onların fikrincə, HƏMAS liderlərinin Qətərdən çıxarılması təşkilatın regiondakı mövqeyini zəiflədə və ona dəstək verən qüvvələr üzərində siyasi təzyiqi artıra bilər.
Qətərin HƏMAS liderlərinə ev sahibliyini dayandırması ehtimalı gerçəkləşərsə, bu addım təşkilatın regiondakı siyasi mövqeyinə ciddi təsir göstərə bilər.
visiontv.az