Putin tam boğulmamaq üçün Azərbaycan kimi regional gücdən və onun müttəfiqlərindən yararlanmaq istəyir
Putin tam boğulmamaq üçün Azərbaycan kimi regional gücdən və onun müttəfiqlərindən yararlanmaq istəyir
23.02.2022 Şöhrət El-Dəniz Tərəfindən

Rusiya telekanallarında gedən müzakirələrdən anlaşılır ki, Kərbala demişkən selin qabağına köklü, iri budaqlı ağac veriblər. Solovyov RTR-də gedən verilişində deyir ki, qoy Bayden Azərbaycanla-Rusiya arasında bağlanan müqaviləni görüb anlasın ki, biz heç də o dediyi kimi tam təcrid olunmamışıq.

Deməli Putin bu müqaviləni məhz indi və tələsik bağlamasında marağı Rusiyanın düşdüyü acınacaqlı vəziyyətdə güclü müttəfiqlərinin hələ tam yoxa çıxmadığını nümayiş etdirməkdir. Azərbaycan isə MDB məkanında hal-hazırda həm iqtisadi, həm də hərbi baxımdan ən güclü dövlət hesab edilir, Türkiyə kimi güclü və etibarlı müttəfiqi var, Avropa ilə böyük enerji layihələrində aparıcı tərəfdaşıdır, İsraillə ciddi əməkdaşlığı var və sair. Putin Azərbaycanın əldə etdiyi bütün bu gücdən yararlanmaq istəyir və tam təcriddən xilas olmağa çalışır. Azərbaycanla ciddi əməkdaşlıq ona Türkiyə bazarlarına çıxış imkanı yaradacaq ki, bu da Rusiya üçün nəfəslik rolunu oynaya bilər.

Digər tərəfdən Putin bilir ki, Rusiyaya qarşı sanksiyalarda Azərbaycan yer almayacaq. Və heç kim Bakını buna məcbur etməyəcək. Necə ki, İrana tətbiq edilən sanksiyalar vaxtı Azərbaycan İrana qarşı heç bir qadağalara qoşulmadı. Çünki Avropanın o cümlədən İsrailin enerji təhlükəsizliyi məsələsində Azərbaycan əsas fiqur rolunda iştirak etdiyindən rəsmi Bakıya hansısa dövlətə qarşı sanksiyalarda iştirak etmək kimi tələb qoya bilmirlər. Bu baxımdan bir daha qeyd edim ki, Putinin Azərbaycanla bu səviyyədə müttəfiqlik müqaviləsi bağlaması Azərbaycandan çox ona sərf edir. Putin Rusiyanın tam boğulmaması üçün Azərbaycan kimi regional gücdən və rəsmi Bakının etimad göstərdiyi müttəfiqlərindən yararlanmaq istəyir. Hal-hazırda erməni, Qarabağ məsələsi Putin üçün prioritet deyil. Putin, Rusiyanı ABŞ və Avropanın tətbiq edəcəyi (etdiyi) sanksiyalardan sağ çıxartmağa çalışır.

P.S. Bizim üçün isə hazırda prioritet sərhədlərin tanınması, Xankəndinə və Laçın dəhlizinə nəzarət, Zəngəzur dəhlizinin açılması və sairdir. Məqsədimiz bəyannamənin bizə verdiyi imkanlar çərçivəsindən Rusiyanı bu məsələlərin həllinə vadar etməkdir. 

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

visiontv.az