Putin nə Kiyevi işğal edə bildi, nə də Zelenskinin komandasını devirdi
Putin nə Kiyevi işğal edə bildi, nə də Zelenskinin komandasını devirdi
20.04.2022 Elbəyi Həsənli Tərəfindən

Putin Kiyevi işğal edə bilmədi. Zelenskinin komandasını devirib Rusiyaya loyal olan qüvvələri iqtidara gətirə bilmədi...

Rusiya indi bütün gücünü Donbas istiqamətində cəmləyib. Moskva hesab edir ki, Krımdan sonra qondarma Donetsk və Luqansk Xalq Respublikasinı Ukraynadan qoparsa, müharibəni Zəfərlə başa çatdırmış olacaq. Rusiya etiraf etməsə də bu müharibəni çoxdan uduzub. Məntiq də onu deyir ki, xalqın mandat verdiyi Zelenski yerindədirsə, Kiyev işğaldan kənardadısa, deməli, Rusiya qarşıya qoyduğu və təntənə ilə bəyan etdiyi məqsədinə çata bilmədi...

Rusiya Donetsk və Luqansk ərazilərini ələ keçirə bilərmi? Nəzəri baxımdan bu, mümkündür...

Qərb mətbuatı yazır ki, bu, mümkün görünsə də Rusiya üçün son dərəcə çətin olacaq. Niyə? Çünki Rusiya Ordusunda döyüş əhval-ruhiyyəsi son dərəcə aşağıdır. Bu isə önəmli faktordur. Rusiya ordusunun silah və daşınmalarla bağlı da ciddi problemləri var...
Ukrayna Ordusunda vəziyyət necədir? Döyüş əhval-ruhiyyəsi son dərəcə yüksək səviyyədədir. Xaraba qalmış Mariupolun dirənişi fakt kimi ortadadır...

Rusiya bu müharibədə tək-tənha qalıb. Az qala bütün dünya Ukraynanın yanındadır. Ona dəstək verir. Özü də sözdə yox, məhz əməldə.

Ukrayna getdikcə daha çox ultra-müasir silahlarla təmin olunur. Bu silahların qarşısında Rusiya duruş gətirə bilmir. Rusiya Ukraynaya Qərbdən gələn silah karvanının qarşısını ala bilmir. O da aydındır ki, bundan sonra bu prosesin qarşısını heç cür ala bilməz. Niyə qarsısın almağa heç cəhd də göstərmədi? Çünki Putin Qərblə müharibədən çəkindi...

Real vəziyyət belədir ki, Rusiya ordusunun silah sursatla təminatı getdikcə zəifləyir, Ukraynada isə tam əksinə, ordu daha keyfiyyətli silahlarla təchiz olunur...

Belə bir fonda Ukraynanın Donbas və Luqanski əldən verəcəyinə mən inanmıram. Mənim düşüncəmə görə, Ukrayna nəyinki Donbas və Luqanski Rusiyaya təslim etməyəcək, əksinə, Krımı da geri alacaq...

Hətta Donbas və Luqansk əldən getsə belə, Rusiyanın yenidən ayağa qalxması heç cür mümkün olmayacaq. ABŞ başda olmaqla Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaları Rusiya darmadağın olana kimi ləğv etməyəcək. Özündənrazı Rusiyanı birdəfəlik yerində oturtmaq üçün Qərbin əlinə nadir bir imkan düşüb. Qərb bu imkanı heç bir halda əldən verməyəcək...

Rusiyanı necə xilas etmək olar? Ən optimal yol budur: Putin Rusiya müxalifətinin lideri Aleksey Navalnını həbsdən azad edir və iqtidarın ona ötürülməsini təmin edir. Yəni Putin özü öz iqtidarının devrilməsinə razılıq verir. Başa düşürəm ki, bu, real görünmür.

Ancaq söhbət Rusiyanın xilasından gedir. Yalnız Aleksey Navalnı indiki halda Rusiyanı bu vəziyyətdən abırlı şəkildə çıxara bilər. Düzdür, Aleksey Navalnı də Krımın işğalına dəstək vermişdi. Ancaq indi vəziyyət tam başqadır. Rusiya müharibəni dərhal dayandırmaq zorundadır. Krımı Ukraynaya qaytarmalıdır. Müharibəyə və qırğınlara görə Ukraynadan, eləcə də dünya ictimaiyyətindən üzr istəməlidir. Ukraynaya dəyən maddi ziyanın ödənilməsi ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürməlidir...

Putin bu və ya digər yolla devrilməsə, Rusiyanın parçalanması prosesi daha tez başa verəcək. Bu proses isə çoxdan başlayıb...

Elbəyi Həsənli

Visiontv.az