Prezidentin MEDİA-nı 4-cü hakimiyyətə çevirmək istəyi
Prezidentin MEDİA-nı 4-cü hakimiyyətə çevirmək istəyi
12.01.2022 Şöhrət El-Dəniz Tərəfindən

Üzüqara olanların ucbatından düz 13 ildən sonra aktiv jurnalistikaya qayıda bildim. Əcnəbilərin maliyyələşdirdiyi media qurumlarında işləmədim. Çünki İsraildə oxuduğum müddətdə bu qurumların fəaliyyətinin heç də tək peşəkar jurnalistika ilə bağlı olmadığını gördüm, bildim. Hətta hal-hazırda demokratik mühitdə işləyirik və söz azadlığı üçün mübarizə aparırıq deyənlərdən də artığını dərk etdim. Ona görə dövlətimin qanunları çərçivəsində fəaliyyətə üstünlük verdim. Hətta dövlətimdə Əli Həsənov və Vüqar Səfərli kimi məmurlar medianı öz arxa bağçası sayıb mənim kimiləri çıxdaş eləsələr belə maliyyəsi hansısa əcnəbi ölkədən gələn bir mətbuat orqanında işləməyi özümə rəva bilmədim. Məqsədləri yaxşı olsa belə, medianı bərbad günə qoyanlarla mübarizəni özümüz, dövlətə və millətə bağlı olanlar aparmalıdır. Kənar qüvvələrin bu sahədə köməkliyi konkret hədəfli və təhlükəli olur. Deyəsən çox uzaqdan başladım. Məqsədim MEDİA agentliyinin bir illik fəaliyyəti ilə bağlı fikrimi yazmaq idi.

Aktiv jurnalistikaya qayıdanda müsahibə üçün populyar və ziddiyətli bir nazirlə müsahibə almaq istəyində bulundum. Nömrəsi məndə olsa da subordinasiya naminə mətbuat xidmətinə zəng etdim. Mətbutdan olduğumu və nazirdən müsahibə almaq istədiyimi bildirdim.

 İlk reaksiya…

Küçədə arağa pul istəyən bomja olan münasibət. Adımı eşidib, tanıyandan sonra bomj münasibət aradan götürülsə də, bu sevdanın baş tutma ehtimalının sıfırın altında olduğunu vurğulayan eyham əhvalımı pozdu.

Səbəb…

Mətbuata və jurnalistlərə inamsızlıq, etibarsızlıq, qrup, tayfa, məmur maraqlarına xidmət, şantaj elementləri və sair. Müsbət bir fikir eşidə bilmədim.

Əlacsız qalıb nazirlə danışdım. Və o mənim kimliyimi biləndən sonra görüşüb müsahibə verməyə razı oldu. Amma bu proses tam etimadsızlıq və mənə qarşı maksimum ehtiyatlı olma çərçivəsində həyata keçirildi.

Və mən əyani şəkildə anladım ki, Azərbaycan mediası hardan hara gəlib çıxıb.

Dediyim xırda bir misal idi. Bura mətbuatda tuğyan edən reketçilik, şantaj, az qala hər bir məmurun öz media qurumunun olması, siyasi alverlə məşğul olanların “mətbuatı”, mediada mafiya yaradan “bosslar”ı da əlavə etsəm mənzərəni müəyyən etmək çətin deyildi.

44 günlük savaş və mediada islahtlar barədə Prezidentin qərarı

Medianın cəmiyyət və dövlət üçün nə qədər əhəmiyyətli olduğunu yada salan əslində elə Prezident oldu. 44 günlük Vətən müharibəsində təbliğat savaşının öndə gedən simalarına məhz Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva rəhbərlik etdi. Əli Həsənov və Vüqar Səfərlinin bəh-bəhlə təqdim etdiyi Azərbaycan mediası düşmənlə ilk təmasdaca sabun köpüyü kimi partladı.

Təbii ki, fərdi şəkildə informasiya savaşı aparan mətbuat qurumları və nümayəndələri oldu. Savaş müddətində hər həftə 3 dəfə olmaqla 2 saat ərzində milyonlara tamaşaçısı olan İzmit televiziyasında canlı yayıma çıxdım. O cümlədən digər vətənpərvər həmkarlarım da həm xaricdə, həm də daxildə çox ciddi fəaliyyət göstərdilər. Heç kimin haqqını yemək olmaz. Amma bütün bunlar şəxsi təşəbbüsdən yaranan və öz gücünə edilən bir fəaliyyət idi. Əli Həsənov və Vüqar Səfərlinin dövlətdən aldığı və guya mətbuatın inkişafına yönəltdiyi milyonlarla manatın “formalaşdırdığı”  media sistemi dediyim kimi heç bir işə yaramadı. İllərlə yaratdıqları görüntü, miraj idi və bir günün içində iflasa uğradı.

Xarabalıqda yaradılan MEDİA

1 ildir MEDİA agentliyi Qarabağda ermənilərin qoyub getdiyi xarabalıqda olduğu kimi mətbuatımızda da bərpa işlərini həyata keçirməyə çalışır. Əslində mətbuatımızı bərpa etmək yox, yenidən qurub yaratmaq, formalaşdırmaq lazımdır. Düzdür çox çətindir, amma mümkündür. 1 il ərzində MEDİA agentliyinin həyata keçirdiyi layihələrin məqsədinə fikir versək yeni, daha sağlam bir jurnalist ordusunun yaradılmasına yönəldiyini başa düşərik. Gənc kadrların peşəkarlığının artırılması, yeni media subyektlərinin yaradılmasına dəstək, sıradan çıxardılmış peşəkar kadrların reabilitasiyası və sair.

Ən əsası MEDİA agentliyi Azərbaycan mətbuatında bir səliqə-səhman mühitinin yaradılmasına çalışır. Xaos mühitindən bəhrələnən qüvvələrin əl-qolunu bağlamaq üçün ən yaxşı üsul şəffaf səliqə-səhman mühitinin yaradılmasıdır. Ki, MEDİA bu işin öhdəsindən gəlir və gəlməlidir.

Ikinci və çox ciddi bir məqam. Media və məmur münasibətlərinin tənzimlənməsi. Agentliyin jurnalistlərlə dövlət qurumları arasında ehtimad mühitini yaratmaq üçün təşkil etdiyi görüşlər əslində çox ciddi bir addımdır. Dövlət qurumlarına təyin edilən yeni gənc rəhbər kadrlar peşəkar jurnalistlərin kimliyi ilə tanış olmaq şansı qazandılar. Məmurların əksər jurnalistləri reketçi, şantajçı gözündə görmək vərdişini tərgitmək üçün gələcəkdə də bu cür görüşlərin keçirilməsinin tərəfdarıyam.

Üçüncü bir mühüm addım MEDİA agentliyinin rəhbəri Əhməd İsmayılovun düzgün kadr siyasəti oldu. Agentliyin rəhbər strukturlarına peşəkar və çirkaba bulaşmayan media nümayəndələrini dəvət etdi. Rüstəm Əbülfətoğlu və Natiq Məmmədov imzasını Azərbaycan mediasında tanımayan yoxdur. Bu imzaların peşəkarlığına və təmizliyinə də şübhə edənlərə mən rast gəlmədim. Fəaliyyətə sağlam tənqidi isə əslində işin xeyrinədir. Əsas odur qərəz olmasın.

Və nəhayət mətbuatda xaosa son qoymaq üçün “Media haqqında” qanunun qəbulu 1 illik fəaliyyətin əsas göstəricilərindən biridir. Edilən haqlı və haqsız tənqidləri isə təbii və demokratik bir yanaşma hesab edirəm. Mənə xoş oldu ki, MEDİA agentliyinin rəhbərliyi qanunla bağlı edilən tənqidlərə sağlam münasibət sərgilədi, verilən təkliflərin əksəriyyətini nəzərə aldı.

Fikrimi belə bitirmək istəyirəm.

MEDİA agentliyinin peşəkar və gənc komandası Prezidentin mətbuatla bağlı qarşılarına qoyduğu tapşırıqların öhdəsindən gəlir. Və əminəm ki, başladılan iş sona çatacaq. Azərbaycan mediası qrup, şirkət, məmur, “mətbuat mafiyası”ı, siyasi alverlə məşğul olan qüvvələrin maraqlarından azad olacaq. Reketçilik və media sözünün sinonim olmasına son qoyulacaq. Təbii ki, qarşıda daha ciddi işlər var. Azərbaycan mediasını düşdüyü maddi və mənəvi girdabdan bir dəfəlik çıxardaraq, daha sağlam və demokratik bir mühitin yaradılmasına çalışmaq. Bunun üçün hamı, mətbuatın bütün sağlam qüvvələri səfərbər olmalı və həmrəylik nümayiş etdirməlidir. Media sözün həqiqi mənasında 4-cü hakimiyyətə çevrilməlidir. Mən fikirləşirəm ki, Prezident İlham Əliyev mediada islahatlar deyəndə hədəfi məhz mətbuatı 4-cü hakimiyyətə çevirmək istəyi olubdur.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

visiontv.az