Prezidentin köməkçisi ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırılmasından danışdı
23.09.2020

''Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışına çağırılması qanunda nəzərdə tutulmuş və müntəzəm əsasda həyata keçirilən tədbirdir. Bunun səfərbərlik adlandırılması tamamilə yanlışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətlə tam şəkildə komplektləşdirilmişdir. Xüsusi səfərbərlik tədbirlərinə ehtiyac belə yoxdur. Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hazırlıq və bacarıqlarının yoxlanılması, onların hazırlıq səviyyəsinin daim artırılması dünyanın əksər ölkələrində də geniş tətbiq olunan praktikadır. Müqayisə üçün qeyd edək ki, İsveçrə, İsrail, Skandinaviya ölkələrində bu sahədə çox tələbkar sistem mövcuddur.''

Visiontv.az xəbər verir ki, bu açıqlamayla Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev danışıb.

Hacıyev bunları qeyd edib: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hərbi toplanış tədbirləri həyata keçirilir ki, buna başqa bir don geyindirmək və ya cəmiyyətdə təşviş yaratmaq tamamilə əsassızdır.

Ermənistan xüsusi xidmət orqanlarının kiber diversant qruplarının azərbaycanlı adını daşıyan saxta sosial media ünvanları vasitəsilə bu kimi təxribatçı mövzuları yayması da istisna edilməməlidir.

Ordu və Əsgər müqəddəs mövzudur. Bu mövzuda yazan, sosial mediada paylaşım edən hər bir şəxs öz vətəndaşlıq borcunu və məsuliyyətini dərk etməlidir.''