Populyar VERİLİŞ Füzuli rayonunda evin yanmasına "səbəb" olub
24.04.2019

Kürdmahmudlu sakinlərinin bildirdiyinə görə, yanğın başlayanda evdəkilər Xoşqədəm Hidayətqızının verilişinə baxırmışlar

Füzuli rayonunun Kürdmahmudlu kəndində aprelin 22-də axşam saatlarında baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin kənd sakini Nəbi Abbasovdan aldığı məlumata görə, Quliyev Səfər Məmmədxan oğluna məxsus 5 otaqlı fərdi yaşayış evi yanaraq kül olub: “Yanğına səbəb elektrik naqillərin də qısa qapanma olduğu ehtimal edilir. Həmin vaxt evdəkilər Xoşqədəm Hidayətqızının verilişinə baxırmışlar. Yanğının genişlənməsindən buna görə heç kimin xəbəri olmayıb. Alov hər tərəfi ağuşuna alandan sonra yanğını söndürmək mümkün olmayıb. Evdən heç nə çıxara bilməyiblər”.

Xoşbəxtlikdən hadisə zamanı insan itkisi qeydə alınmayıb. Nəbi Abbasovun bildirdiyinə görə hadisə zamanı ailənin 16 yaşlı üzvü Quliyev Elgül Səfər oğlu zəhərlənib. Onun vəziyyəti ağır qiymətləndirildiyindən  yeniyetmə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Nəbi Abbasovun dediyinə görə, Səfər Quliyevin ailəsi hazırda qardaşının evində məskunlaşıb.