Planlar çoxdur, məsələlərin cari və kompleks həlli üçün çalışırıq - Elvin Hüseynov
Planlar çoxdur, məsələlərin cari və kompleks həlli üçün çalışırıq - Elvin Hüseynov
29.04.2021 YAŞAT Fondu Tərəfindən

«Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun («YAŞAT» Fondu) yaradılması haqqında» Fərman imzalaması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir.  Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərir. Hesab edirəm ki, fondun yaradılması sosial, ictimai sifariş idi. Bütövlükdə, bu Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.»

Visiontv.az bildirir ki, bu fikirləri İki sahil.TV-yə açıqlamasında «YAŞAT» Fondunun rəhbəri Elvin Hüseynov bilidirib.

E.Hüseynov qeyd edib ki,  «YAŞAT» Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır. Şəhid ailələrinin problemləri və Vətən müharibəsində xəsarət alan hərbçilərimizin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır. Onlara dəstək müraciətlərin növbəliliyinə uyğun olaraq həyata keçirilir. Amma yaralı qazilərimizin səhhətlərinin ağır və ya yüngüllüyünə görə növbəlilik prinsipi pozula bilər. Elə qazilərimiz var ki, onların təcili əməliyyata ehtiyacı var. Bu məsələ mütləq şəkildə nəzərə alınır. Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumat verirlər. Qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır.

E.Hüseynov diqqətə çatdırıb ki, «YAŞAT» Fondu hansısa qazini əməliyyat etmir. Biz yaralı qazilərin müalicəsi məsələsində həkimlər nə deyirsə, onu edirik. Əgər həkimlər hansısa əməliyyatın aparılmasının tibbi göstəriş olduğuna qərar verirsə, bizim Fond vəsaiti ayıraraq qazinin cərrahi əməliyyat olunmasına dəstək göstərir. Bu günə qədər Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 76 nəfər təşkil edir. Onlardan 9-u artıq sağalaraq Vətənə dönüb, 67 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir. Qarşıdakı günlərdə də bu proses tərəfimizdən davam etdiriləcək.

 Qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığını təsdiqləyir. Fond  həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə göndərilməsini təmin edir. Eyni zamanda, Türkiyədən və digər ölkələrdən həkimlər Azərbaycana gətirilir. «YAŞAT» Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlayırlar. Qazilərimizin qarşıdakı aylarda da müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri Fond tərəfindən təmin edilir.

E.Hüseynov vurğulayıb ki, «YAŞAT» Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Artıq Fond tərəfindən 61 körpənin hesabına depozitlər yerləşdirilib. Məsələn, ən son şəhidimiz  Fəxrəddin Fərəcovun Quba şəhərində doğulan övladı Fəxrəddinin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Fondun rəhbəri qeyd etdi ki, şəhid və qazilərin övladları üçün ikinci məsələ təhsil xərcləridir. «YAŞAT» Fondunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək proqramı var. Dəstək proqramı çərçivəsində özəl təhsil müəssisələrində şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müasir dövrün əsas ixtisaslarına yiyələnmələrini, Türkiyədə də təhsil alma imkanı yaradılmasını istəyirik. Bundan başqa, «YAŞAT» kartı haqqında düşünürük. Hər bir şəhid, qazi ailəsinə veriləcək o kartda marketlər, nəqliyyat, əylənə mərkəzi, otellərdə xüsusi güzəştli paketlər olacaq. Planlar çoxdur, məsələlərin cari və kompleks həlli üçün çalışırıq. Bu gün «YAŞAT» Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri uğurla davam etdirir. Bu günə qədər "YAŞAT" Fonduna 36 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 20 milyonu artıq təyinatı üzrə xərclənib. «YAŞAT» Fonduna ümumilikdə 14318 müraciət olub, 5921 nəfər öhdəliyə götürülüb.    Xatırladaq ki, «YAŞAT» Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. İnternet istifadəçisi olmayan şəxslər isə istənilən mobil operator vasitəsilə pulsuz olaraq 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.