“Özünü güllələ”: Bir ukraynalı heykəltəraşdan Putinə sürpriz
“Özünü güllələ”: Bir ukraynalı heykəltəraşdan Putinə sürpriz
08.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Dmitri İv adlı heyləktəraşın paslanmış metaldan hazırladığı Putinin müvəqqəti heykəli bu gün səhər Kiyevin mərkəzində, Şevçenko bulvarının girəcəyində, bir vaxtlar Leninin abidəsinin ucaldığı yerdə quraşdırılıb. Heykələ olduqca maraqlı bir ad da qoyublar: “Özünü güllələ!” ("Застрелись!")

Dmitri İv bu ekstravaqant ideyanın yaranmasının səbəblərini belə izah edib:

"Mən bir yaradıcı insan kimi ölkəmizdə baş verənlərdən kənarda qala bilməzdim. İşğalçılar torpağımıza hücum edəndə ağlıma müasir sərt bir heykəl düzəltmək fikri gəldi. Bu, doğma ölkəmdə baş verənlərə mənim sərt baxışımdır. Putin hərbi cinayətkardır. Və bilir ki, onun iki yolu var - birincisi müttəhimlər kürsüsündə oturmaq, ikincisi isə özünü güllələməkdir. Beləliklə, bu işin şüarı peyda oldu: “Putler, işarəni başa düşdün də?”. 

Ukraynalı heykəltəraşın bu qeyri-adi əl işi təqdirəlayiqdir. 

Bizim bəzi yazarlarımız və incəsənət adamlarımız Qarabağın 30 il davam edən işğalı ilə bağlı, erməni vəhşilikləri ilə bağlı, habelə 44 günlük müharibədəki Zəfərimizlə bağlı hələ də möhtəşəm əsərlər yaza və yarada bilməmələrini bununla əsaslandırırlar ki, müharibə haqqında möhtəşəm əsərlərin yazılması, yaradılması üçün guya, bir xeyli zaman keçməlidir. 

Amma ukraynalı heykəltəraş isə bu əl işi ilə göstərdi ki, xeyr, möhtəşəm əsərləri elə müharibə gedə-gedə, isti-isti də yazmaq, yaratmaq mümkündür. 

Bəybala Mirzəyev

Visiontv.az