16.07.2019
Axtar
Dünya
alt

Onları həvəslə öldürürük - Qarabağda əsgərlərimizi hədəfə alan ermənilər indi rusları güllələyirlər - FOTO

Bunu Ermənistan vətəndaşı Hamlet Avaqyan deyir.

Avaqyan Ukrayna Silahlı Qüvvələrinin 130-cu kəşfiyyat alayında xidmət edir. Çavuşdur. Radio danışıqlarda "Hamlet" çağırışı olan H.Avaqyan taqım komandiridir. Onun taqımında 6 erməni ilə yanaşı, Gürcüstan vətəndaşları da var.

Ukrayna ordusunda müqavilə əsasında xidmət edən Avaqyan muzdlu hərbçi olmadığını iddia edir.

Moskvada ali təhsil alan, geodeziya və kartoqrafiya fakültəsini bitirən Hamlet Avaqyan 2016-cı ilin aprelində Dağlıq Qarabağda, 4 günlük "Aprel döyüşləri"ndə Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşub.

Dediyinə görə, "Aprel döyüş"lərində Ermənistan ordusunun geriyə çəkilməsindən sonra az qala depressiyaya düşüb, Ermənistanı tərk edərək Ukraynaya yollanıb.

2016-cı ilin aprelində Ukrayna Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətə başlayıb.

"Kəşfiyyatçı və snayperəm. Şəxsi heyətimiz üçün təhlükə kəsb edən düşməni sıradan çıxarırıq", - deyən erməni Hamlet Avaqyan və onun tabeçiliyindəki 6 erməni hazırda Ukraynanın şərqində, Donetskdədir.

"Buradakı separatçılarla, rusların başçılıq etdiyi terrorçularla sülh danışıqlarına getmək mümkün deyil. Düşmənin snayperləri çox fəaldır. Həmin snayperlər piyada alaylarımızdan birində 11 nəfəri qətlə yetiriblər, nə qədər ukraynalı hərbçini yaralayıblar. Düşməni əzmək gərəkdir", - H.Avaqyan deyib.

Onun komandir olduğu kəşfiyyat-diversiya taqımında hər kəsin gərəkli, müasir silahı, geyimi və avadanlığı var. Bunları Ukrayna dövləti ilə yanaşı, könüllülər də təmin edir.

Könüllülərin yığdıqları pullar hesabına Hamlet Avaqyan Polşada ABŞ istehsalı olan, 12,7 mm çaplı "Barret" snayper tüfəngini alıb. Patronlar və çox bahalı optik nişangahla birlikdə.

2016-cı ilin noyabrın 24-də atəş altına düşən Hamlet Avaqyan 9 yara alıb və dediyinə görə, Meçnikov adına xəstəxanada həkimlər onu ölümdən qaytarıblar.

"Di gəl, yaralanmağıma görə maddi yardımı hələ də ala bilmişəm. Halbuki mənim və ailəmin pula çox ehtiyacı var. Bəlkə Severodonetsk hərbi komissarlığı vicdana gələ, mənə çatası yardımı verə", - Hamlet Avaqyan deyib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşlığı hələ almayıb, vətəndaş pasportu da yoxdur.

"Ukrayna vətəndaşı olmasam da, buranı ikinci vətənim sayıram. Hiss edirəm ki, ədalət üçün vuruşuram, rusların hücum etdikləri insanları qoruyuram. Ukrayna vətəndaşı olmaq istəyən bir insan kimi bu borcumdur. Rusiya qonşu dövlətlərə sülh aparmır. Rusiya və ruslar yalnız müharibə, savaş gətirirlər. Ona görə də qərarım qətidir: Ukraynanın işğaldakı torpaqlarının hamısı azad olana qədər ruslara qarşı, rus işğalçılara qarşı vuruşacağam", - Hamlet Avaqyan söyləyib.

Xarkov şəhərinin sakini, iş adamı Vsevolod Kojemyako erməni H.Avaqyanın kəşfiyyat-diversiya taqımına iki "cip" bağışlayıb.

Taqımın döyüşçülərinə tibb xidməti isə könüllülərdən ibarət "Ulf" qrupu gerçəkləşdirir.

Xarkovda yaşayan yazıçı Sergey Jadan isə yerli rəssamların əsərlərinin satışa çıxarıldığı xeyriyyə hərracı keçirib, əldə olunmuş 950 min qrivnaya hərbçilər üçün forma, avadanlıq və silah alıb. Həmin pullara H.Avaqyan üçün böyük məsafəli istilik vizoru da alınıb.

Ümumiyyətlə isə Ukraynanın şərqindəki hərbi hissələrdə təxminən 320 nəfər Ermənistan vətəndaşı var. Onların hamısı muzdlulardır və dediklərinə görə, "Rusiyaya qarşı döyüşürlər".

Elçin Alıoğlu

Şərh yazın