İstər inqilabi proseslərdə, istərsə də böyük faciələrdə çox zaman əsas səbəbkarlar kənarda qalır, unudulur yaxud məsuliyyətdən yayındırılır. Əbu Müslüm Xorasani Əməviləri devirib Abbasiləri taxta gətirdi. Abbasilər də Əbu Müslümün başını kəsdilər. Çünki ondan qorxurdular. İranda inqilabın əsas lideri olan Şəriətmədarini ev dustaqlığında öldürdülər.
İmam Hüseyn də Mədinədə yaşadığı halda Kufənin riyakar əhalisi, daha doğrusu vaxtilə İmam Əlinin, Həzrət Həsənin də başına toplaşıb onlara yarınaraq sonda onları ölümə verənlər məktublar yazıb çağırırdılar. Məktublar çoxaldıqda hakimiyyətin narahatlığı artır və Hüseyni beyətə məcbur etməyə məcbur olurdu. Kufə əhalisi İmam Hüseynə namə yazıb çağırıb sonra da qələmi yerə qoyub qılıncı götürüb onu öldürdülər. Sonra da guya peşman olub "Tövbə edənlər" dəstəsi yaratdılar, gedib öldürdükləri İmam Hüseynin məzarı üstündə 40-50 gün yas tutub başlarına, sinələrinə vurmağa, Əhli Beyti öldürdükləri qılınclarla başlarını yarmağa, Əhli Beyti əsir edib Yezidə təhvil verdikləri zəncirlərlə kürəklərinə vurmağa başladılar. Bu məsələdə zəncir və qılıncın rolu məhz buna görədir.
Sonra İmam Zeynalabidin və Əhli-Beytin digər üzvləri Yezidin əsirliyindən qurtulub Mədinəyə dönərkən yolu Kərbəladan saldılar və şəhidləri ziyarət etdilər. Bu zaman həmin xain kütlə də orada idi. İmam Əlinin qızı Həzrət Zeynəb, İmam Zeynəlabidin və Əhli Beytin digər sağ qalan üzvləri bu toplumu lənətlədi, nifrin etdi, onlara bəd dualar etdilər. İmam Zeynalabidin dedi ki, atam Mədinədə oturduğu yerdə onu siz məktub yazıb çağırıb sonra da öldürdünüz. Allah üzünüzü hər iki dünyada qara etsin. Həzrət Zeynəb də buna oxşar ifadələrlə onları lənətlədi. Həmin kütlə bu zaman peşmançılıqdan saçlarını, saqqallarını daha şiddətlə yolmağa, qılıncla başlarını yarmağa başladılar. İmam onlara dedi ki, siz əvvəlcə babam Əlini, sonra əmim Həsəni, indi də atam Hüseyni aldatdınız, Allah sizi məhv etsin...
Sual yaranır ki, bəs niyə Yezid lənətləndiyi halda o xain kütlənin birinin də adı çəkilmir, gizlədilir? Yezid cəlladdır, bu məlumdur. Amma qurbanı tələyə salıb o cəllada təhvil verənlər hanı? Əsl səbəbkar, əsl canilər, xainlər onlar deyilmi?
Demək bu prosesdə də hadisənin ideoloqları, müəllifləri kənarda qalıb, icraçılar hədəfə alınır. Təbii ki, icraçılar da bu məsələdə günahkar və cinayətə şərikdirlər. Amma xainlər onlardan daha ağır məsuliyyət daşıyırlar.
Kərbəla hadisəsinin səbəbləri, gedişatı və nəticələri heç də nəql olunduğu kimi bəsit deyil. Əgər haçansa şərait, imkan olarsa nağıllar, əfsanələr, miflər zəncirini qırıb elmi, akademik şəkildə həqiqəti cəmiyyətin nəzərinə çatdırarıq.
Dinşünas Tural İrfan
visiontv.az