Niyə hər bir azərbaycanlı Şuşaya gedəndə orada mütləq şəkil çəkib paylaşmaq istəyir: Bunun sirri nədədir?
Niyə hər bir azərbaycanlı Şuşaya gedəndə orada mütləq şəkil çəkib paylaşmaq istəyir: Bunun sirri nədədir?
28.04.2022 Sahib Alıyev Tərəfindən

Niyə hər bir azərbaycanlı Şuşaya gedəndə orada mütləq şəkil çəkib və çəkdirib paylaşmaq istəyir, bunun sirri nədədir?

Relyefinin özəlliyindən doğan ecəzkarlığındamı, keşməkeşli tarixindəmi, yoxsa bir çox  böyük şəxsiyyətlərimizin kiçik Vətəni olmasındadırmı?  Məncə, Şuşa bizim üçün cağdaş Ötükən, 8 noyabr isə Ergənəkondur. Məhz Şuşanın azad olunmasıyla yaranışı 44 gün çəkən, çox populyar haralısan sualımızı və etnik mənşə məsələsini  anoxronizmə çevirən müzəffər  millət doğuldu Azərbaycan milləti.

Orada şəkil çəkib paylaşmaq da elə alt şüurun diqtəsidir, bu, Şuşa mənim də kiçik Vətənimdir, mən də burada doğulmuşam, daha dəqiqi burada doğulan böyük Azərbaycan millətinin bir zərrəsiyəm deməkdir.

Yəqin, Dünya Azərbaycanlılarının Zəfər qurultayında  Prezidentimizin qürbətdə yaşayan soydaşlarımıza ildə bir dəfə Vətənə gəlmək, Şuşaya baş çəkmək çağırışının kökündə də elə bu durur. Həm də o durur ki,  onlar gəlib buradan güc alıb getsinlər. Çünki Şuşada olan energetika Qafqazın heç bir yerində yoxdur. O da səbəbsiz deyil. Məhz Cıdır düzündə, bir zamanlar sənə yuxarıdan aşağı baxmağa cəhd edənlərin sözün hər anlamında nə qədər alçaqda olduğunu görüb də anlayırsan ki, Şuşa 44 günlük savaşa qədər Azərbaycanın mədəniyyət paytaxtıydısa, artıq regionun belə demək mümkünsə, geosiyasi paytaxtdır. Cənab Əliyevlə  sayın Ərdoğan  ötən il iyunun 15-də Müttəfiqlik Bəyyanməsi imzalamaqla, fikrimcə, elə onu təsbit etdilər.

Dünyanın, eyni zamanda da regionun gələcəyinin müəyyənləşdirildiyi, proseslərin bifurkasiya nöqtəsinə çatdığı indiki vaxtda baş verənləri Helford Makkinder nəzəriyyəsinə dayanaraq qiymətləndirməli olsaq, bəli,  Qarabağ öz Şuşasıyla indi Qafqazın "Heartland"ıdır.

Ona görə də  Azərbaycan parlamentinin komitə toplantılarının Şuşada keçirilməsində həm də Qafqazda ucada dayanmanın bir rəmzliyi də yox deyil ki, dünən  İctimai birliklər və dini qurumlarla  İnsan hüquqları komitələrinin birgə dinləmələrinə qatılaraq onun qürurunu yaşayanların arasında mən də vardım.

Bu qüruru bizə yaşatdığına, azərbaycanlıları Şuşalı etdiyinə, hazırda Qafqazın ən qibtə olunan millətinə çevirdiyinə görə Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirəm! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Şuşanın alınmasında əməyi olan hər kəsə sevgi və sayğımı bildirir o müqəddəs şəhərdən mən də şəkil çəkdirib paylaşdığıma görə haqqınızı halal edin deyirəm. Əslində o şəkillərin hamısında siz varsınız, görənlər görür, bilənlər bilir.

P.S. Bilənlər onu da bilir ki, Şuşaya ayaq basandan sonra oradan ayrılmaq olmur. Çünki Şuşa təkcə məkan deyil, həm də ruh və havadır. Tanrıya min şükür, artıq ruhumuz bədəndədir,  havamız çatır!

Millət vəkili Sahib Alıyev

Visiontv.az