Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
23.12.2024

Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək.

Visontv.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etməlidir.

Nazirlər Kabineti:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etməli;

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etməli;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;

bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.