Macarıstanda təqaüdlə təhsil proqramına müraciət qaydaları açıqlanıb
23.12.2024

Hökumətlərarası Təqaüd Proqramı ilə Macarıstanda bakalavr təhsili üçün müraciət qaydasında dəyişiklik edilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil sektorunun baş məsləhətçisi Niftalı Qasımlı deyib.

O bildirib ki, bakalavr təhsilinə müraciət etmək üçün ixtisas üzrə DİM balı 400, digər sahələr üzrə isə minimum 510 bal olmalıdır:

“DİM balı yoxdursa, SAT nəticəsi ilə də müraciət edilə bilər. SAT nəticəsi ilə müraciət üçün 1200 bal tələb edilir. Eyni zamanda, hazırda xaricdə öz hesabına təhsil alan şəxslər də təqaüd proqramına müraciət edə bilərlər. Müraciət etmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 100 ballıq sistemdə 75-dən az olmamalıdır”.

Onun sözlərinə görə, magistr və doktorantura pillələri üçün təqaüd proqramına müraciət etmək üçün orta bal göstəricisi ən az 75 faiz olmalıdır.

O qeyd edib ki, müraciət üçün tələb olunan sənədlər (hər üç təhsil pilləsi üçün) CV, motivasiya məktubu, xici dil sertifikatı ( IELTS 7:0, eyni zamanda TOFEL və Duolingo), təsil sənədləri, tibbi arayış, ümumvətəndaş pasportunun surəti, hərbi bilet və ya möhlət sənədi, 2 ədəd tövsiyə məktubudur.

Xatırladaq ki, Macarıstanda dövlət təqaüd proqramına müraciət üçün son tarix 2025-ci il yanvarın 15-dəkdir.

Nəticələrlə bağlı Macarıstanın yekun qərarı 2025-ci ilin iyun-iyul aylarında açıqlanacaq.

Qəbul məktubu alan şəxslər qeydiyyatdan keçmək üçün EATDA-ya gəlmədən sənədləri ali təhsil müəssisəsinin imza və möhürü ilə təsdiqlənmiş halda xt.alumni@eatda.edu.az elektron ünvanına göndərə bilərlər. Burada tələb olunan sənədlər anket, diplom və diploma əlavə, ümumvətəndaş pasportun şəkli və təhsil ölkəsinə son giriş tarixinin möhürü, şəxsiyyət vəsiqəsinin şəklidir.