Muhammad Nasar Hayat: "Azərbaycan dayanıqlı maliyyələşdirmə sahəsində mövqelərini möhkəmləndirir"
16.06.2026

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsində qlobal kəsirin artması fonunda Milli Yaşıl Taksonomiyanın və 2023-2026-cı illər üçün davamlı maliyyələşdirmə üzrə Yol Xəritəsinin hazırlanması da daxil olmaqla, dayanıqlı maliyyələşdirmə sahəsində islahatları davam etdirir.

Bunu BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  Azərbaycandakı nümayəndəsi, FAO-nun Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri  Muhammad Nasar Hayat İslam İnkişaf Bankı (İsDB) Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində dayanıqlı inkişafın innovativ şəkildə maliyyələşdirilməsi üzrə paneldə deyib.

M.Hayat vurğulayıb ki, hazırda qlobal DİM maliyyələşdirmə sistemi rəsmi inkişaf yardımının (ODA) həcminin azalması və dövlət büdcələrinə təzyiqlərin artması da daxil olmaqla bir sıra ciddi çağırışlarla üzləşir. Onun fikrincə, belə şəraitdə daha çevik və innovativ kapital mənbələrinə keçid son dərəcə vacibdir.

Bundan əlavə, ekspert diqqət tələb edən bir sıra əsas istiqamətləri qeyd edib: "Bura özəl kapitalın səfərbər edilməsi, daxili maliyyə resurslarının inkişafı, eləcə də İslam maliyyələşdirilməsi alətlərinin, rəqəmsal texnologiyaların, fintexin və kapital bazarlarının istifadəsinin genişləndirilməsi daxildir. Əgər biz DİM-lərə nail olmaq istəyiriksə, ənənəvi yanaşmalardan və s. kənara çıxmalıyıq".

O, həmçinin əlavə edib ki, əlverişli coğrafi mövqeyi və COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsində uğurlu təcrübəsi sayəsində  Azərbaycan investisiyaların cəlb edilməsi və transsərhəd maliyyə axınlarının inkişafı üzrə regional mərkəzə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.

visiontv.az