Məncə Müdafiə Nazirliyi hansı mühəndis-istehkam anbarından söhbət getdiyini dərhal anladı-hərbi jurnalist-Zakir Hüseynov
11.08.2020

“Mollalığa dəyər, yazım, yazmayım? Yox, yazmaram. Amma, hələ qoy yazım”...

Bir qədər tərəddüd, bir qədər də böyük Sabirdən bəri qəflət yuxusundan o qədər də ayılmamağımız, bir də müsəlman dünyasının başından əskik olmayan qovğalar, bitib-tükənməyən göz yaşı dramlarının davam etməsi yazını belə başlamağa vadar etdi. Dram demişkən, müsəlman ölkəsi Livanda baş vermiş hadisə ilə bağlı kimsə yazdı ki, “dərviş Parisi partlatdı, bəs Beyrutu kim partlatdı.”  Tərəddüd etdim ona görə ki, mənim indi müraciət etdiyim partlayış mövzusu bir az tipik mövzudur, hazırda dövr də bir az qəlizdir, xeyirxah bir əməli də qaralayırlar, nə damğa desən vura bilərlər, amma milli heysiyyat dedi ki, qorxunu yen və yaz. Həm də eyni üslubda və dildə yazmaq adamı yorur, oxucunu da çətinə salır. Ona görə də ciddi bir vəziyyətlə bağlı olsa da belə başladım.

Gələk məsələmizə. İndi dünya gücləri elə silahlara malikdir ki, böyük texnogen qəzalar törədə bilirlər. Süni yağış yağdırmağa, külək əsdirməyə, zəlzələ yaratmağa və s. qadirdirlər. Amma bu böyük xərc tələb edir. Və niyə, nə üçün və necə yaratsınlar. Cox dövlətlər ayıqdı onların başına bunu gətirmək çətindi. Qəfləti seçən bir cox müsəlman ölkələrində bunu etmək asandı. Xərc çəkmədən. Cox şeyləri allaha təvəkkülə buraxan müsəlman ölkələri ortada ikən belə xərc çəkməyə nə lazım. Ermənilər də bizim üçün deyirlər müsəlmanın sonrakı ağlı. Nədənsə son zamanlar düşmənimizin polemikasında bəndlərin partladılması, elektrik stansiyalarının dağıdılması hədələri özünə yer tutub. Göründüyü kimi su, kommunikasiya xətləri, enerji mənbələri hərtərəfli əhəmiyyət daşıyir. İndi ayıq-sayıq olmaq vaxtıdır.

Tədbirli davranmaq zamanıdır. Erməni terrorundan yetərincə əziyyət çəkmiş bir ölkə kimi bunu ikiqat anlamalıyıq. Milli təhlükəsizliyimizə ziyan gətirə biləcək bütün məsələlərin üstünə getməliyik. Beyrutda baş vermiş partlayışı hamınız gördünüz. Hansı şəraitdə baş verməsindən asılı olmayaraq nəticələr göz qabağındadır. Giləzidə baş vermiş silah-sursat anbarının özündə deyil, hələ yanında baş vermiş partlayışı, Şirvanda silah zavodunda baş vermiş partlayışı yüngül addada bildik. Amma mənim catdıracağım məlumatda yer alan mina və partladıcı anbarı partlayarsa Beyrutdakı patlayışdan yüz dəfələrlə böyük tollarla ölçülən partlayışa səbəb ola bilər.

Böyük yaşayış məntəqələrimiz yer üzündən silinər, paytaxtımız əməlli-başlı silkələnər, Bakını su ilə təmin edən boru xətləri və su anbarı darmadağın olar, ölkəni paytaxtla bağlayan bütöv dəmiryolu xətləri və əsas şosse yolları yoxa çıxar. “Bakı-Ceyhanın” əsas mənbəyində sadəcə ölçüyəgəlməz bir çuxur yaranar. Bir neçə hərbi hissədən əsər-əlamət qalmaz. Sözügedən anbar vaxtilə mənim də iştirak etdiyim fədakarlıq nümunəsi kimi Ağdamdan çıxarılıb daşınan vaqon-vaqon tank və piyada əleyhinə mina, tonlarla partladıcı maddə, partladıcı qurğu və vasitələr hərbi hissənin Bakı ətrafına köçürülməsi ilə əlaqədar bu hərbi rayona köçürüldü.

Ancaq yaşayış məntəqəsindən 30-40 km uzaqlığa, dağların əhatəsində dövlət əhəmiyyətli kommunikasiya xətlərindən uzağa. İndikindən xeyli təhlükəsiz yerə. Sonradan mühafizəni və hərbi daşınmanı asanlaşdırmaq naminə əvvəlki yerindən köçürüb bəhs etdiyim məkanda yerləşdirməklə məncə Baş Qərargah ölçüyəgəlməz bir təhlükəli addım atmışdır. Ya vəlvələdən, ya zəlzələdən orada bir hadisə baş versə partlayışın gücü on min tollarla olacaqdır. Yuxarıda sadaladığım fəlakətlər baş verərsə 50-60 km radiusda heç nə qalmayacaqdır. Qorunan obyekt olsa da bu heç nəyi dəyişmir. Trotil kimi güclü bir partladıcı maddə hara, Beyrut limanındakı “gübrə” hara. Kiçik bir ehtiyatsızlıq da bizi fəlakətlə üz-üzə qoya bilər, hər hansı təxribatda. Məncə Müdafiə

Nazirliyi hansı mühəndis-istehkam anbarından söhbət getdiyini dərhal anladı və bu barədə ciddi fikirləşməlidir. Təxminlər düzdür, ya səhvdir istəyimiz odur ki, bununla bağlı Müdafiə Nazirliyi Ali Baş Komandana qarantiya versin. Təhlüksizliyimiz əsasdır və öz əlimizdədir. Ölkəmizi, xalqımızı qoruyaq.

Visiontv.az