Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd edilib
23.01.2020

Moskva Müzikl teatrında Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyinə həsr olunan musiqili gecə keçirilib.

Visiontv.az-ın verdiyi xəbərə görə, tədbirdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya parlamentinin deputatları, xarici ölkələrin səfirləri, hər iki ölkənin tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Polad Bülbüloğlu Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə üç saatlıq konsert proqramı ilə çıxış edib, “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Qorxma mən səninləyəm” filmindəki və digər sevilən mahnıları ifa edib. Bundan başqa, sənətkarın “Məhəbbət və ölüm” baletindən fraqmentlər, simfonik orkestr üçün bəstələdiyi əsərlər Rusiya Dövlət Simfonik Orkestrinin ifasında səslənib.

APA