Moskva Yerevanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmamaq və ya Avropa İttifaqına (Aİ) üzvlük yönündə irəliləmək məsələsini referenduma çıxarmasında təkid edir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ötən həftə belə bir məsələnin gündəmdə olmadığını açıq bildirib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a deyib ki, Moskva Ermənistanın təklif olunan referendumla bağlı bu ilin dekabrınadək qərar verməsini gözləyir. Həmin vaxt Aİİ sammitində Ermənistana qarşı mümkün addımların müzakirə olunacağı gözlənilir.
"Referendum keçirmək çağırışı həmin vaxtadək gözardı olunarsa, liderlər qərar verərkən bu faktı nəzərə alacaqlar", – Qaluzin bildirib.
Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasının dekabr iclasında bu məsələ müzakirə olunacaq.
Ermənistana referendum çağırışını daha əvvəl Rusiya prezidenti Vladimir Putin səsləndirib. Paşinyan isə bu təklifi rədd edib, Yerevanın Aİ üzvlüyü üçün rəsmən müraciət etmədiyini bildirib.
Rusiya bu il aprelin sonlarında Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ötən müddət ərzində Ermənistandan mineral suların, spirtli içkilərin, güllərin, balıq məhsullarının, meyvə, tərəvəz və giləmeyvələrin, son günlərdə isə süd məhsullarının idxalına qadağalar qoyulub.
Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan milyonlarla dollarlıq kənd təsərrüfatı məhsulları və mineral su idxalına embarqo qoymasına baxmayaraq, Yerevan Avropaya inteqrasiya xəttini dəyişməyəcək.
visiontv.az