Minsk Qrupunun hər hansı bir fəaliyyətini Azərbaycan birmənalı şəkildə müəyyən edə bilməz
02.10.2021

Bu gün Politoloq Anar Əliyevlə Putin-Ərdoğan görüşündən yola düşərək, İranın sərhədlərimizin yaxınlığında keçirdiyi hərbi-təlimlər, Gürcüstanın Azərbaycan-Ermənistan arasında vasitəçilik etmək istəyi, ATƏT-in Minsk qrupunun bərpa olunmaq cəhdi barəsində ətraflı söhbət etdik. Söhbəti təqdim edirəm.

-Anar müəllim xoş gəlibsiniz.

-Təşəkkür edirəm.

-Gəlin əvvəlcə Türkyiə və Rusiya prezidentlərinin Soçi görüşündən başlayaq.

-Buyurun

- Putin-Ərdoğan görüşündə bizi maraqlandıran nələr müzakirə olundu? Qarabağla bağlı hansısa bir söhbət oldumu? Oldusa da Azərbaycan üçün nə əhəmiyyət kəsb elədi?

-Əvvəlcə bir məsələni qeyd edim sonra sual keçək. Azərbaycan cəmiyyəti və mediası Ermənistan mətbuatını heç bir halda mötəbər mənbə kimi qəbul etməməlidir. Ümumiyyətlə erməni mətbuatında Qarabağla, Azərbaycanla bağlı yayılan hər hansı bir informasiya Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq mətbuata ötürülür. Bunun hədəfi Azərbaycan cəmiyyətidir. Azərbaycanla Ermənistan arasında səngər döyüşü təxminən bir ildir ki, bitib. Ancaq psixoloji və əsəblərin savaşı hələ də davam edir. Və bunun başlıca elementlərindən biri məhz informasiya müharibəsidir. Təəssüf ki, biz bilərəkdən o informasiya müharibəsinin təsiri altına düşürük. Mümkün qədər ehtiyatli olmalıyıq.

Keçək sualın cavabına.

Ərdoğan ilə Putin arasındaki görüş mətbuatın iştirakı olmadan keçirildi. Təssüflə deyim ki,  müzakirə olunan məsələlər Azərbaycan mətbuatında düzgün işıqlandırılmadı. Görüşdə Putinin ağzından Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsiylə bağlı çox maraqlı bir ifadə çıxdı.  

Maraqlıdır ki, ağıllı və proqmatik bir siyasətçi olan Putin, işlətdiyi ifadənin yerini çox dəqiq biləndir. Bu baxımdan Birgə Monitorinq Mərkəzinin səmərəli fəaliyyətinin daha çox Ermənistan-Azərbaycan sərhəddində atəşkəsin qorunması istiqamətində təhlil etməsi diqqəti çəkdi.

Mən hesab edirəm ki, Putinin belə bir ifadə işlətməsi onu göstərir ki, Azərbaycan-Ermənistan arasnda Rusiya ilə Türkiyənin marağında olan bəzi məsələlər öz həllini tapmayıb və bu istiqamətdə addımların atılmasına ehtiyac var. Həm də Rusiya və Türkiyənin maraqlarına xidmət edəcək layihələrin reallaşdırılması üçün baza yadadılmalıdır.

Bunlar nədir?

Birincisi, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasıyla bağlı müqavilənin imzalanması. Bu sülh müqaviləsindən fərqli bir müqavilədir. Bunu sülh müqaviləsiylə qarışdırmamalıyıq.

İkincisi, 10 noyabr bəyanatının 9-cu bəndinin tələbinə uyğun olaraq Zəngəzur dəhlizinin, yəni Azərbaycanın qərb rayonlarının Naxçıvanla kommunikasiya əlaqələrinin  qurulmasını təmin edən Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir. Ermənistan tərəfindən bu məslədə hələ ki bir irəliləyiş görmürük.

Və üçüncü bir məsələ. Cənubi Qafqaza davamlı sülh gətirəcək böyük sülh müqaviləsinin imzalanmasıdır.

Hesab edirəm ki, Ərdoğan-Putin görüşündə bu məsələlərlə bağlı bir çox detallarda razılıq əldə olunub. Hər üç sadaladığım məsələ yekun müqavilədən sonra özünü göstərəcək. Hər üç məsələ Azərbaycan və Ermənistandan başqa Rusiya və Türkiyənin maraqlarına xidmət edir. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına xidmət edir. Çünki Türkiyə və Rusiya arasında dəmiryolu xətti artıq çəkilmiş olacaq. Eyni zamanda Rusiyanın Ermənistanla birbaşa Azərbaycan üzərindən dəmiryolu xətti qurulacaq.

Putinin dedikləri bir mənalı şəkildə müsbət qarşılanacaq fikir deyil

- Görüşdə Putinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyi təmin edir ifadəsi sizcə sülhməramlıların sərhəd bölgəsinə yerləşdirmək istəyi fikrini yaratmır?

 - Bu terminin işlədilməsi bir mənalı şəkildə müsbət qarşılanacaq fikir deyil. Burada alt mənalar ola bilər. Azərbaycanın maraqlarına zidd fikirlər nəzərdə tutula bilər. Məsələn nələr nəzərdə tutula bilər?

Hesab edirəm ki, Putin Ermənistan ilə Azərbaycan arasında sərhəd deyərkən mövcud sərhədləri nəzərdə tutur. Bu birinci variantdır və Azərbaycanın maraqlarına xidmət edir.

İkincisi, Putin Birgə Monitorinq Mərkəzinin səmərəli fəaliyyətinin daha çox Ermənistan-Azərbaycan sərhəddində atəşkəsin qorunması istiqamətində qiymətləndirməsi sözünü deməklə bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziləri nəzərdə tuta bilər.  Yəni sülhməramlıların nəzarət etdiyi ərazilərlə Azərbaycanın nəzarəti altında olan ərazilər arasınaki xətti. Bu isə qorxulu bir haldır. Yəqin ki, yaxın günlər ərzində Putin-Ərdoğan görüşünün detalları aydınlaşdıqca biz Rusiya prezidentinin bu iki mənadan hansı istiqamət üzrə işlədiyini aydın şəkildə görəcəyik.

Çox böyük ehtimalla, prezident İlham Əliyev ilə Vladimir Putin arasındaki münasibətlər, o cümlədən Azərbaycan prezidentinin Anadolu Agentliyinə müsahibəsi zamanı səsləndirdiyi mühüm bir fikir: "Bu gün bizim Rusiya ilə masada müzakirə edib həllini tapa bilməyəcəyimiz hər hansı bir məsələ yoxdur" cavabını verməsi bizə onu deməyə əsas verir ki, Putin hər halda birinci variantı nəzərdə tutaraq bu ifadəni işlədib. Amma yekun nəticəni biz bir neçə gün ərzində detallar aydınlaşdıqca biləcəyik.

- Görüşdə Zəngəzur dəhlizinin müsbət həll olunduğunu qeyd etdiniz. Bəs İran amilini nəzərə almırıq? İran sərhəddimizə tələsik qoşun toplayıb, təlimlər keçirir, sərt bəyanatlar verir.

Bu məsələ kifayət qədər aktualdır. İran açıq şəkildə bəyan etməsə də, Zəngəzur dəhlizinin açılmasını siyasi təhlükəsizlikdən daha çox iqtisadi təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirir. Çünki Çindən başlayaraq şimali Avropaya, İngiltərəyə qədər davam edəcək ticarət axının bir neçə istiqaməti var. Biz bunu davamlı olaraq müşahidə edirik. Bu cənub xəttidir, şimal xəttidir, orta xəttdir və cənub-şimal xəttidir. Bu istiqamətlər daim Çindən başlayaraq Avropaya qədər davam edən və əks olaraq hərəkət edən ticarət yollarından biridir. Azərbaycan üzərindən keçən orta xəttin Zəngəzur dəhlizi vasitəsiylə Naxçıvandan keçməklə Türkiyəyə çatması, orta xəttin səmərəliliyini daha da artıracaqdır. Eyni zamanda, İranın Bəndər-Abbas limanından başlayaraq İran və Azərbaycan üzərindən keçməklə Rusiya və Avropaya daşınma xəttinin səmərəliliyini müəyyən qədər aşağı salır. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması İran üçün ciddi iqtisadi problemdir. Nəzərə alsaq ki, Çinlə İran arasında 400 milyard dollarlıq müqavilənin imzalanması və bir neçə il ərzində o vəsaitin İrana yatırılması, bu vəsaitin nəqliyyat dəhlizlərinə xərclənməsi onu deməyə imkan verir ki, İran Çin üçün əhəmiyyətli bir tranzit ölkədir.

İran niyə ərkəsöyünlük edir?

- Bəlkə İran proseslərdən kənarda saxlandığına görə belə ərkəsöyünlük edir?

Bu da bir versiyadır. Amma İran o qədər də tənqidə dözmür və özünü kənarda saxlamağa meyllidir. Baxmayaraq ki, Türkiyə tərəfindən təklif edilən, prezident İlham Əliyev və Putin tərəfindən çox ciddi dəstək alan 6-lıq platformasında biz əvvəlcədən də İranı bu prosesin ən mühüm iştirakçılarından biri kimi qiymətləndirmişdik. Hətta Ərdoğan açıq çəkildə bəyan etd ki, İranın bu proseslərdə iştirakı bölgənin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Ancaq sonra proseslər göstərdiki, İran bu layihələrin Türkiyənin rəhbərliyi altında keçirilməsinə qısqanclıqla yanaşır. Bu mənada İranın kənarda saxlanılmasından daha çox İranın özünü kənarda saxlaması prosesi baş verir.

- İran bəs niyə özünü kənara çəkir? Niyə güc göstərir?

İranda istənilən hakimiyyətə Fransanın təsir imkanları var. Hazırki İran rejim, Fransanın maliyyə və siyasi dəstəyi nəticəsində formalaşmış bir rejimdir. Həm də islahatçılardan fərqli olaraq mühafizəkarlar bu proseslərə, xüsusən Azərbaycanın regionda güclənməsi prosesinə daha qısqanclıqla yanaşır. Bu ikinci amildir. Üçüncü amil, İran regionda Türkiyənin birmənalı şəkildə möhkəmlənməsini həm də özünün dini-idealoji prinsiplərinə təhlükə kimi qiymətləndirir. İran və Azərbaycan şiə dövlətidir. Türkiyə də isə sünni təqriqətidir. Amma Türkiyənin, eyni zamanda sünni təriqətinin üstünlük təşkil etdiyi Pakistanın Azərbayana daha çox təsir etmə imkanları İran dini-ideoloji dairələrində əsəbi qarşılanır. Onlar fikirləşir ki, tezliklə Azəraycanda şiə təriqəti zəifləyə bilər. Bu mənada həm də dini-ideoloji mərkəzlər bunu bir təhdid kimi qiymətləndirirlər. Ən mühüm səbəblərdən biri təbii ki, Azərbaycan və Türkiyə əlaqələrinin bir gün İrana qarşı çevrilmə təhlükəsidir. İran bunu indidən mümkün qədər zərərsizləşdirməyə çalışır.

- Azərbaycanda din nə vaxt inkişaf etmişdiki, bunlar onun zəifləməsindən qorxalar? Çox güman ki, İranın dini dairələrinin "panika"sı cənubda yaşayan soydaşlarımızın fəallaşmasından qaynaqlanır. Sizcə İranın hərbi təlimləri təxribata çevrilə bilərmi?

- Nəzəri olaraq bütün variantlar hər zaman mümkündür. Amma praktik olaraq prosesləri təhlil etsək görərik ki, İranın indiki zamanda Azərbaycanla münaqişəyə girmək qətiyyən maraqlarına uyğun deyil. Əksinə mümkün qədər Azərbaycanla münasibətləri tənzimləməyə çalışmalıdır. Amma təbii ki, İranın davranışlarını beynəlxalq hüquq prinsipləri çərçivəsində proqnozlaşdırmaq çox çətindir. Təsəvvür edin ki, İranın Müdafiə Nazirinin rəsmi nümayəndəsi açıq şəkildə bəyan edir ki, biz bir neçə ölkədə hərbi birləşmələr qurmuşuq. Bu həm diplomatik prinsipləri, ölkələrin suveren hüquqlarını, beynəlxalq hüquq normalarını kobud bir şəkildə pozmaq və bunu etiraf etmək deməkdir. Təsəvvür edin ki, illərdir İrana qarşı bu ittiham irəli sürülür ki, siz müxtəlif ərazilərdə ordu birləşmələri və onların nəzarəti altında terror qruplaşmaları yaradırsız. Və İranın rəsmi şəxsi bunu açıq şəkildə etiraf edir. Bu qəbul edilə bilməz, mümkün deyil. Belə bir fikrin ifadə edilməsi onu göstərir ki, İran siyasətini açıq şəkildə izah etmək çox çətindir. Ancaq Azərbaycanın əldə etdiyi nəticələr, reallıqlar, onun mövqeyi onu deməyə imkan verir ki, İran çox yaxın müddətdə  münasibətləri normallaşdıracaq, aradaki mümkün narazılıqların aydınlaşdırılması istiqamətində prezidentin də qeyd etdiyi kimi məhz mehriban qonşuluq münasibətləri sərgiləməyə başlayacaq.

Gürcüstan vasitəçidən daha çox vasitəçilərin sifarişini çatdıran statusdadır

- Keçək növbəti suala. Gürcüstanın baş naziri Bakıya gəldi. Son vaxtlar Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə cəhd göstərir.

- Rəsmi məlumatlarda görə, Gürcüstan baş nazirinin gəlişinin səbəbi birgə iqtisadi layihələr, iqtisadi əlaqələrin inkişafının müzakirəsi idi. Bunu baş nazir də bəyan etdi ki, Azərcaycan ən mühüm tərəfdaşlardan biridir. Amma təbii ki, digər pərdəarxası məsələlər də mövcuddur. Xüsusiylə Zəngəzur dəhlizinin açılmasıyla Bakı-Tibilisi-Qars dəmiryolunun iqtisadi səmərəliliyinin müəyyən qədər aşağı düşəcəyi və oradan yüklərin daşınmasında müəyyən azalmaların olacağıdır. Bildiyimiz kimi, bu Azərbaycanın maliyyəsi, krediti hesabına Gürcüstan tərəfindən ərsəyə gətirilən bir layihə idi. Gürcüstan demək olar ki, oradan heç bir maliyyə yükü daşımadan çox rahat bir şəkildə qazanc əldə edirdi.

İkinci məsələ ondan ibarətdir ki, altılıq platforması elan edilib və burada Gürcüstanın iştirakında biz də  maraqlıyıq və təkid edirik. Amma bu platformanın əsas güclərindən biri olan Rusiya ilə Gürcistanın diplomatik münasibətləri mövcud deyil. Əksinə Gürcüstan Rusiyanın öz ərazisini işğal etiyini rəsmən bəyan etmiş bir dövlətdir. Buna görə də eyni platformada onların birgə iştirakı mümkün deyil və Gürcüstan bu məsələdə həm də Azərbaycandan dəstək görüb, bundan sonra da eyni dəstəyi gözləyir.

Digər bir məsələ, İranla bənzər sisuasiyanın olmasıdır. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və cənubi Qafqaza sülh gəlməsi prosesi baxımından Gürcüstan üçün nə qədər əhəmiyyətlidirsə, bir o qədər də Gürcüstan üçün ağrılı prosses Zəngəzur dəhlizindən həyata keçiriləcək iqtisadi layihələrdən kənarda qalmasıdır. Bu baxımdan Gürcüstan iqtisadi baxımdan daha çox itirir, nəyinki İran. Əksinə İran daha bir alternativ yol əldə etmiş olur.

Gürcüstanı Ermənistan-Azərbaycan prezidentlərinin görüşündə vasitəçi qismində görə bilirsiniz?

- Hesab edirəm ki, Gürcüstan vasitəçidən daha çox vasitəçilərin sifarişini çatdıran statusdadır. Çünki, Gürcüstan elə bir gücdə deyil ki, hər iki dövlətə hər iki mənada təsir və ya təzyiq edərək bu görüşlərə nail ola bilsin. Eyni zamanda Azərbaycan prezidenti də açıq şəkildə Türkiyə mətbuatına müsahibəsində bildirdi ki, iki dövlət başçısı arasında münasibətlər istəklə alınmır. Bu münasibətlərin tənzimlənməsində iştirak edən vasitəçi tərəflərin, məsələn ATƏT-in Minsk Qrupunun üzvlərinin və ya üzv dövlətlərinin, Rusiyanın vasitəçiliyiylə bu proseslər baş verir.

Hesab edirəm ki, Gürcüstan tərəfi daha çox Ermənistanın Azərbaycana və Azərbaycan tərəfinin də Ermənistana istəklərinin çatdırılması funksiyasını yerinə yetirir. Bunu biz həm də Ağdamın mina xəritələrinin təhvil verilməsində də şahidi olmuşuq. Məhz Amerikanın vasitəçiliyiylə Gürcüstan üzərindən Ermənistan mina xəritələrini Azərbaycan tərəfinə təhvil verdi.

Yəni, Amerkanın, Avropanın sifarişini yerinə yetirir?

- Gürcüstan təbii ki, Rusiyanın sifarişini yerinə yetirməyəcək. Təbii ki, Amerika, Avropanın sifariş və xahişlərini tərəflərə çatdıra bilər.

ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə nə deyərdiniz. Qarabağ problemi yoxdursa bu qrup nə işlə məşğul olacaq?

- Bu sualı cavablandırmaq üçün əvvəlcə "ATƏT nə üçün yaradılmışdı?" sualını cavablandırmalıyıq. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ortaq kompromis variantının tapılması və yekun olaraq razılaşmanın imzalanması məqsədiylə yaradılan bir faktor idi. Amma bildiyimiz kimi, Azərbaycan tək başına bu problemi həll etdi. Yalnız yekun bir məsələ qalıb. ATƏT-in Minsk Qrupu yaradılarkən qarşıya qoyulan yekun bir hədəf. Son konfransın keçirilməsi və iki tərəf arasında sülh müqaviləsinin imzalanması.

- Ermənistan-Azərbaycan danışıqlarını, prezidentlərin görüşünü təşkil etmək hələ də ATƏT-in Minsk Qrupunun üzərinə düşürmü?

- Bəli, Azərbaycan prezidenti də açıq şəkildə bəyan etdi ki, ATƏT-in Minsk Qrupu üzərinə düşən son vəzifəni, məsuliyyəti dərk edib, yerinə yetirməlidir. O hissə məhz Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması, ortaq yekun razılaşmanın əldə olunması və sulh müqaviləsinin imzalanmasıdır. Yəni Azərbaycan ərazisində, Qarabağ bölgəsində hər hansı bir münasibətin tənzimlənməsiylə ATƏT artıq məşğul ola bilməz. Çünki, artıq bu funksiya yerinə yetirilib.  

- Bunu biz deyirik. Bizim səlahiyyətimizdədir bu sözü demək? Yoxsa Minsk Qrupu da bu sözü deyib nöqtə qoymalıdır?

- Bəli, beynəlxalq faktorlar tərəflərdən hər hansı bir dövlətin istəyi, arzusu ilə nə yaradılır, nə də ləğv edilir. Yəni Minsk Qrupunun bu gün hər hansı bir fəaliyyətlə məşğul olmasını Azərbaycan bir mənalı şəkildə müəyyən edə bilməz. Amma Azərbaycan prezidentinin səsləndirdiyi fikir, Azərbaycanın mövqeyindən daha çox ATƏT-in Minsk Qrupu yaradılarkən öhdəliyinə götürdüyü məsuliyyətlə bağlıdır. Biz sadəcə Azərbaycan dövləti adından Minsk Qrupunun öhdəliyini xatırladırıq ki, "siz bu işlə məşğul olmalısınız. Sizin öhdəliyiniz bundan ibarətdir." Biz öz mövqeyimizi bildirmirik.

- ATƏT-in Minsk Qrupunun üzv ölkələri də bunu deyirmi?

- Müəyyən qədər. Rusiyanı istisna edirəm, Fransa və Amerika təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən daha çox Azərbaycanın daxili işi olan Qarabağdaki prosseslərə müdaxilə etməni hədəf götürüblər. Bu istiqamətdə səsləndirilən fikirlər daha çox iki ölkə arasındaki münasibətlərin bərpasına yox, əksinə gərginliyin davam etdirilməsi və nəticə etibarı ilə yenidən Qarabağ ərazisində tənzimləmədə ATƏT-in Minsk Qrupunun iştirakını təmin etməkdir. Amma prezident İlham Əliyev açıq şəkildə bəyan edir ki, bu proses bitib və heç bir gücə biz imkan verməyəcəyik ki, Azərbaycan xalqının və region xalqlarının maraqlarına xidmət edən indiki reallıqları dəyişmək üzərində prosseslər qursun. Və bu prosseslər üzərindən regiona daxil olsun. Bu birmənalı mövqeyimizdir. ATƏT də bunu nəzərə alaraq, öz üzərinə düşən məsuliyyətlə regiona daxil olmağa çalışmalıdır.

-Anar müəllim sağ olun dəvətimizi qəbul edib gəldiyinizə görə.

-Sağ olun.

Şöhrət El-Dəniz

Visiontv.az