Millət vəkili R. Nəbiyev: "Ermənistan beynəlxalq hüququn onun üzərinə qoyduğu prinsipləri yerinə yetirmək istəmir”
24.03.2025

“Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə aparmış və Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlamış Ermənistanda hökumətlər dəyişsə də, görünür ki, Ermənistan hökumətinin Azərbaycana qarşı münasibəti dəyişməyib. Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərinin sübutu kimi onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalır. Biz hələ ki, bunun dəyişdirilməsi istiqamətində addım atıldığını görmürük. Eyni zamanda defakto mandatını itirmiş ATƏT-in Minsk qrupunun deyure ləğvi istiqamətində də Ermənistan hökuməti addım atmır”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, sadəcə olaraq kapitulyasiyaya uğramış Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi ərazi iddialarının metod və vasitələrində modifikasiya edib:

“Hazırda modifikasiya olunmuş forma və vasitələrlə Ermənistan Azərbaycana qarşı öz təxribatçı əməllərini davam etdirir. Avropa İttifaqının “müşahidə missiya”sını məsələyə cəlb edir, digər dövlətlərdən müdafiə adı altında hücum xarakterli silahlar alır, yaxud da Ermənistan mətbuatında Azərbaycana qarşı təxribat xarakterli yazıların ardı-arası kəsilmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüququn onun üzərinə qoyduğu prinsipləri dərk etmir, yaxud da dərk edirsə də onu hazırkı vəziyətdə yerinə yetirmək istəmir”.

R.Nəbiyev bildirib ki, dövlətlərin suveren bərabərliyi prinsipi beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmağını qadağan edir. Eyni zamanda, dinc yanaşı yaşamaq prinsipi isə Ermənistan üçün beynəlxalq öhtəliklər müəyyən edir və ondan konstruktiv qonşuluq siyasəti yürütməsini tələb edir:

“Ermənistan isə bir tərəfdən beynəlxalq aləmdə manipulyativ şəkildə sülhlə bağlı mesajlar verir, hətta razılaşdırılmış sülh müqaviləsini məkanından, yerindən asılı olmayaraq imzalamağa hazır olduğunu bəyan edir. Paralel olaraq isə Azərbaycana qarşı sərhəddə bu təxribatları həyata keçirir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq istənilən vaxt tam və məhdudiyyətsiz şəkildə özünü müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası ölkə Prezidentinin düşünülmüş, siyasi, diplomatik strategiyası nəticəsində regionda yeni yaranmış əməkdaşlıq imkanlarını Ermənistana da təklif edir. Bu imkanlardan Ermənistanın da bəhrələnməsi, regional inteqrasiyanın tərkib hissəsi olması imkanlarını təklif edir. Bu seçim Ermənistanın əlindədir. Biz ümid edirik ki, Ermənistan hökuməti bu təxribatçı əməllərə son qoyaraq, beynəlxalq hüququn prinsiplərinə əməl edərək Azərbaycana qarşı təxribatçı əməllərini dayandıracaqdır”.

visiontv.az