Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası məsələsinə aydınlıq gətirib - ARAŞDIRMA
09.01.2020

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında yaranan təşvişə aydınlıq gətirib.

Visiontv.az-ın verdiyi xəbərə görə, AMB-dən verilən məlumatda bildirilir ki, 2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi, bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır, bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli  354s nömrəli Sərəncamı ilə "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı" (Tədbirlər Planı) təsdiq edilib.

 

"Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub", - deyə AMB-dən bildirilib.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən etibarən qanunla nəzərdə tutulsa da, indiyədək bir cərimə belə tətbiq edilməyib. Cərimə mexanizminin bu il yanvarın 1-dən işləməsi ilə bağlı əhali arasında ajiotaj yaranıb ki, sığorta şirkətləri də bundan faydalanmaq istəyirlər. Hazırkı qanuna əsasən, yaşayış evlərinin sığortalanmasına nəzarət edən qurum - yerli icra hakimiyyəti orqanları indiyədək belə bir təcrübələrinin olmadığını, cərimələnmə mexanizmi və hər hansı yenilikdən məlumatsız olduqlarını deyirlər.

Deputat Vahid Əhmədov məsələni şərh edərək bildirib ki, bu işin indi həyat keçirilməsinə başlanılması güman ki, yanğın və fəlakətlərin çox olması ilə əlaqədardır.

“Dövlət bunların hamısını ödəmək iqtidarında deyil. Ola bilər ki, 1-1,5 il müəyyən çətinlik olsun, ancaq sonra əhali buna alışacaq", - deyə V. Əhmədov qeyd edib.

APA