Allah! Allah! Allah! - Dedim, aha, ya kimsə öldü, ya kimisə öldürdülər
08.05.2024

ADA universitetinin Hacı Zeynalabidin Tağıyevin bağ evində təşkil etdiyi tələbə startaplarının mükafatlandırma mərasiminə gedəndə maraqlı bir hadisəylə qarşılaşdım.

Taksiyə ünvan izah etməyə həvəsim olmadıığı üçün Mərdəkanda istənilən bir küçədə saxlamasını istədim və bir dərviş biganəliyiylə düşdüm yolların ağına.

Xeyli getdikdən sonra döngələrin birindən ucadan və üsyankar bir səs eşidilməyə başladı:

- Allah! Allah! Allah!

Dedim, aha, ya kimsə öldü, ya kimisə öldürdülər… Bu səs Orta əsrlərdən gəlir. Səs bir də və daha asicə eşidildi:

- Allah! Allah! Allah!

Dedim, bu artıq qətliam əlamətidir… Səs döngədən gəlir deyə nə baş verdiyini də görmürəm. Hətta istədim dönüb qaçam. Səs yenə eşidildi:

- Allah! Allah! Allah!

Qısa fasilə və:

- Bu nasıl sevmək?!

Döngədən bir dəli çıxdı. Şərq aşiqi. Sağ əlimin baş barmağıyla “əla” göstərib keçdim və başladım yenə qapıların üstündəki ünvanları oxumağa. Budur lövhəyə yazılıb: “… Hacı Zeynaləbidin Tağıyev 1924-cü ilə kimi bu evdə yaşamışdır”.

Dəlinin allaha sevginin qüdrəti haqqında nəğmə oxuduğu ünvan. Dəli bayaqdan hacının evinin qabağında oxuyurmuş.

İçəridə ADA tələbələrinin kiçik “Silikon Vadisi”, çöldə eşq dəlisi. Divarın bir üzündə Qərb ağlı, o biri üzündə Şərq sevgisi. Bir tərəfdə bilgi, o biri tərəfdə inanc… bir yanda inam, digər yanda yalvarış…

Biz bu taledən heç vaxt qaça biməyəcəyik. Niyə də qaçaq ki?

Aqşin Yenisey

visiontv.az