Mənzillərin qiyməti qalxacaq
03.04.2019

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov: "Azərbaycanlılar tərəfindən təkcə bu ilin fevral ayında 7 tikinti şirkəti Türkiyədə qeydiyyata alınıb""

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov:  "2017-2018-ci illərdə mənzil və inşaat bazarında müəyyən qədər aktivlik var idi. Həm yeni, həm də köhnə tikili mənzillərin bazarında aktivlik müşahidə edildi. Lakin şəhərsalma arxitekturası tərəfindən yeni standartların tətbiq edilməsi ilə əlaqədar olaraq bu il inşaat həcminin azalması proqnozlaşdırılır".

 Sputnik Azərbaycan-a istinadən xəbər verək ki, daşınmaz əmlak məsələləri üzrə ekspert həmçinin  inşaat bazarında qaydalar sərtləşdirildiyi üçün mühitin rəqabətli olmasına baxmayaraq şirkətlərin qiymətləri qaldırmaq niyyətində olduğu məlumatını da verib: "Yeni normalar tətbiq edildikcə bazarda rəqabət azalacaq. Nəticədə isə qiymətlər 30-40 faizədək qalxacaq".

Hazırda mənzil bazarında qiymətlərin stabil olduğunu söyləyən ekspert bu ilin əvvəlindən etibarən mənzil bazarında alıcılıq səviyyəsinin aşağı düşdüyünü deyib: "Belə davam edərsə, yerli investorlar xarici bazarlara maraq göstərəcək. Onu qeyd edim ki, təkcə bu ilin fevralında azərbaycanlılar tərəfindən 7 tikinti şirkəti Türkiyədə qeydiyyata alınıb".

E.Azadovun sözlərinə görə, hazırda Bakı və ətraf ərazilərdə 250-yə yaxın inşaat layihəsi həyata keçirilir.