“Media haqqında” qanun layihəsi siyasi oyunların hədəfində olmamalıdır
“Media haqqında” qanun layihəsi siyasi oyunların hədəfində olmamalıdır
17.12.2021 Şöhrət El-Dəniz Tərəfindən

Bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi. Müzakirədə mən də iştirak etdim. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitəsinin birgə keçirdiyi onlayın toplantıda media və televiziya qurumlarının rəhbərləri, müstəqil jurnalistlər, MEDİA agentliyi və Milli Televiziya və Radio Şurasının rəhbərliyi iştirak etdilər.

Məhsuldar müzakirə oldu. Əksər maddələr üzrə münasibət bildirildi və təkliflər verildi. O cümlədən mən də qanunda media subyektlərinə reklam verilməsi mexanizminin yaradılması və güzəştli kreditlərin verilməsi ilə bağlı öz təkliflərimi səsləndirdim.
Cəmiyyətdə və sosial mediada geniş müzakirə mövzusuna çevrilən “Media haqqında” qanun layihəsi qyd etdiyim kimi bu gün Milli Məclisdə keçirilən toplantıda da geniş diskusiyaya səbəb oldu. Bu tədbir barədə rəsmi və qeyri-rəsmi məlumatlar yayıldığına görə üstündə çox dayanmayacağam. Mən diqqətinizi Azərbaycan mediası və jurnalistləri üçün böyük əhəmiyyət kəsb edən bu qanun layihəsi ətrafında yaranan söz-söhbətlərə yönəltmək istəyirəm.

Təbii ki, müzakirələr varsa deməli yenilik var, irəliləyiş var, sağlam tənqid və təkliflər, mediada olan mövcud vəziyyəti düzəltmək, inkişaf etdirmək cəhdi var. Amma hüquqi müstəvidə ərsəyə gətirilən bir nizama siyasi don geydirmək, öz maraqları naminə ajiotaj yaratmaq cəhdi varsa deməli ortada boş söz-söhbət, qiybət elementləri də var. Ki bunu edənlərin məqsədi nə medianın inkişafıdır, nə də Əli Həsənovdan, Vüqar Səfərlidən qalan ənənəni məhv etməkdir. Əksinə hələ də qüvvədə olan və 62 maddədən ibarət “KİV haqqında” qanunu 79 dəfə öz maraqları naminə dəyişib Azərbaycan mediasını dərin bir uçuruma salan qüvvələrin maraqlarını bilərəkdən və yaxud bilməyərəkdən müdafiə etməkdir. Bilməyərəkdən edənlər özlərini “demokrat” kimi tanıdanların xətrinə dəyməmək yolunu tutanlardır. Bir də mənəmlik xəstəliyindən yaranan küsmək vərdişinə sahib olanlar.

Bəzi jurnalistlərdə, baş redaktorlarda Əli və Vüqardan qalan çox pis bir vərdiş hələ də aradan götürülməyib. Hər yerə dəvət edilməliyəm, hər yerdə mənim adım birinci çəkilməlidir, başı çıxdı-çıxmadı hər şey barədə o danışmalıdır kimi eqoist bir vərdişdən bəzi mətbuat nümayəndələri əl çəkməlidir. Bu eqoistlik onlara bəzən doğru olana yalan deməyə məcbur edir. Süni yaradılan ajiotaj axarına düşməyə vadar edir. Nəticə də isə bütövlükdə Azərbaycan mediası əziyyət çəkir. Küsüb tənqid etmək, ağı qara görmək, qisas almaq fikri bax burdan qaynaqlanır.

Dünən internet televiziyalarından birində şəxsiyyətinə hörmət etdiyim iki şəxs Arif Əliyev və Osman Gündüz “Media haqqında” qanun layihəsini müzakirə edirdilər. Müzakirənin ilk dəqiqələrində deyilən bəzi fikirlər məndə elə bir təəssürat yaratdı ki, bu iki şəxs qanun layihəsi haqqında obyektiv fikir bildirəcək. Və mən də həmən fikirləri bu gün Milli Məclisdə keçirilən müzakirələrdə səsləndirəcəyəmi düşündüm. Amma verilişin 5-ci dəqiqəsindən sonra hələ qüvvədə olan “KİV haqqında” qanunu başladılar tərifləməyə. İş o yerə çatdı ki, Osman müəllim bu qanunu əla dəyərləndirərək dünyada ən mütərəqqi və hətta avropalıların bizə qibtə edəcəyi bir statusa qaldırdı. Bu bəlağətə hətta Arif müəllim dözə bilmədi. Və irad tutdu ki, əla yox, heç olmasa yaxşı de.
Niyə bu misalı çəkdim. Ona görə ki, Osman Gündüzün çıxışından onu qanun layihəsinin hazırlanması zamanı müzakirəyə dəvət edilməməsinin hirsini, qəzəbini hiss etdim. Halbu ki, Osman Gündüz daha obyektiv çıxış edib qanun layihəsinin maddələrində qüsurlar tapıb deməliydi və yaxud təkliflər verməliydi. Amma təəssüf ki, elə olmadı. Yenə deyirəm edilən tənqidlərin əksəriyyətində bu mənəmlik qəzəbi və eqoistlik hiss olunur.

Bir də daha təhlükəli olan siyasi oyunbazlıqdır. Fikir verirəm Azərbaycanda irəli sürülən ən mütərəqqi, ciddi ideyaları, fikirləri həmən siyasi müstəviyə yönəldib oyuna, sonra isə lağlağıya çevirirlər. İdeyanın, fikrin əsas qayəsi qalır kənarda, ortaya atılan siyasi pafos mediada və sosial şəbəkədə at oynadır. Nəticədə ziyan yenə də düşünən beyinlərə, görülən əməllərə dəyir.

Mənim fikrimcə “Media haqqında” qanun layihəsi siyasi oyunların, mübarizələrin hədəfində olmamalıdır. Hədəf medianı bu durumdan çıxardacaq “Media haqqında” qanun layihəsini daha mütərəqqi etməkdir.

P.S. Heç bir fikir, qanun ideal deyil. Bütün qanunlar müzakirələr aparmaqla, təkliflər verməklə təkmilləşir. Bu gün Milli Məclisdə gedən müzakirələr zamanı sosial mediada tənqid olunan maddələr barədə də fikirlər səsləndirildi və təkliflər verildi. Qanunu hazırlayan işçi qrup bu təkliflərin əksəriyyətini nəzərə alaraq ya izahat verdi, ya da düzəlişlər ediləcəyini bildirdi.

Şöhrət El-Dəniz

Visiontv.az