Kosmonavt Oleq Artyomov 'Crew-12' ekipajından çıxarılıb
04.12.2025

Rusiyalı kosmonavt Oleq Artyomov "Crew-12" ekipajının startına iki ay yarım qalmış heyətdən çıxarılıb. Bu haqda raket buraxılışları üzrə təhlilçi Georgi Trişkin Teleqram kanalında yazıb. Onun paylaşımına isə "The Insider" diqqət çəkib.

Trişkinin mənbələrinə istinadla yazdığına görə, kosmonavt ABŞ hərbi texnologiyalarının ixracını tənzimləyən ITAR qaydalarını pozduğu üçün heyətdən çıxarılıb. İddia edilir ki, o, telefonu ilə "SpaceX"in sənədlərini və materiallarını çəkib.

"Təcrübəli bir kosmonavtın bu cür kobud qayda pozuntusuna bilməyərəkdən yol verəcəyini təsəvvürə gətirmək çox çətindir", – Trişkin "The Insider"ə deyib.

"Yura, prosti!" Telegram kanalı da iddia edir ki, Artyomov "SpaceX"in Kaliforniyanın Xotorne şəhərindəki bazasında hazırlıq keçəndə "SpaceX" mühərriklərini və digər daxili materialları telefonla çəkib, sonra isə məlumatları bazanın ərazisindən çıxardığı üçün kənarlaşdırılıb.

"Roskosmos" dekabrın 2-də "Crew-12" missiyasının əsas ekipajında Artyomovun kosmonavt Andrey Fedyayev ilə əvəzləndiyini təsdiqləyib. "Roskosmos" qərarı Artyomovun başqa işə keçməsi ilə izah edib.

54 yaşlı Artyomov Rusiya Qəhrəmanıdır. Kosmonavt üç uçuş gerçəkləşdirib, kosmosda 560 sutka keçirib. 2019-cu ildən Moskva şəhər Dumasında "Vahid Rusiya" fraksiyasından deputatdır.

"Crew-12" missiyası NASA və "Roskosmos"un birgə proqramı çərçivəsində həyata keçirilir, onun 2026-cı ilin fevralında start götürəcəyi gözlənilir.

visiontv.az