Köçəryana niyə yenidən meydan verilir - deputat Sahib Alıyev
Köçəryana niyə yenidən meydan verilir - deputat Sahib Alıyev
08.02.2021 Sahib Alıyev Tərəfindən

Robert Köçəryanın yenidən Moskvada peyda olması, onunla intervü təşkil edilməsi, Serj Sərkisyanın səfir Kopirkinlə görüşə çağırılması və ötən şənbə “Rusiya ilə birgə güclü Ermənistan. Yeni Birlik Uğrunda” hərakatın yaradılması eyni zəncirin həlqələri təsirini bağışalyır.

Belə görünür  ki, hərbi xuntanı Köçəryanın rəhbərliyi altında  yenidən Ermənistanda hakimiyyətə gətirmək planlaşdırılır və həmən hərakat da daşnaklarla birgə bu prosesdə yer almaq üçün yaradılıb. Serj Sərkisyana gəldikdə yəqin ondan tələb budur ki, partiyası ən azından Köçəryanın yenidən hakimiyyətə gətirilməsinə maneçilik  yaradacaq, Paşinyan əleyhdarlarını parçalayacaq  hər hansı bir hərəkətyə yol verməsin.

Sual oluna bilər ki, ötən əsrin axırlarında regionda baş qaldıran qarşıdurmada  öndə gedənlərdən biri-əli azərbaycanlıların qanına batan Köçəryan kimi yaramazın qarşısına indi hansı məqsəd qoyulub? Bunu bilmək üçün onun geniş paylaşılan sonuncu intervüsündə yer alan bir cümləyə fikir vermək yetər: “Ermənistan Rusiya ilə daha dərin, həddən artıq dərin əməkdaşlıq haqda çox ciddi fikirləşməlidir”.

“Rusiya ilə daha dərin, həddən artıq dərin əməkdaşlıq” nə ola bilər? Yəqin bu sözdə dövlətin de-fakto quberniyalığının de-yureləşdirilməsidir ki,  “Rusiya ilə birgə Güclü Ermənistan. Yeni Birlik Uğrunda” hərkatın proqramından da bu açıq-aydın görünür. Proqramda “Rusiya-Ermənistan əlaqələrini birlik dövlətinin yaradılmasınadək yeni keyfiyyət mərhələsinə çıxarmaq”dan dəm vurulur.
 

Əlbəttə,  Rusiya-Ermənistan əməkdaşlığı Köçəryanın təbirincə desək, “həddən artıq dərin”, hətta ölkəsinin başı görünməyəcək qədər dərin ola bilər və bu onların öz işidir. Ancaq həm Köçəryan, həm də onun üçün  Qarabağdakı oyuncaq rejimə “baş nazir”lik və ardından da Krım Parlamentinə sədrlik etmiş Anuşavan Danielyan  kimi tiplərdən formalaşdırılan yan-yörəsi  sözü gedən “dərin” əməkdaşlığa “rusiyalı sülhməramlılarla birgə Qarabağın təhlükəsizliyinin təmini, Ermənistan ordusunun gücünün bərpası, yeni çağdaş silahlarla təhciz olunması” pəncərəsindən baxırlar ki, belədə bu, artıq onların öz işləri olmaqdan çıxır.

Bir daha vurğulayıram ki,  Rusiya ilə Ermənistan arasında əməkdaşlıq nə qədər dərin olacaq bu onlarlıq məsələdir, amma Azərbaycan bu əməkdaşlığın özünün torpaq bütünlüyünə, təhlükəsizliyinə qarşı yönəlməsinə seyrçi qala bilməz və qalmayacaq da.

Mən cənab İlham Əliyev kimi geosiyasi prosesləri çox düzgün qiymətləndirən və uyğun addm atmağı bacaran təcrübəli, iradəli bir lidermizin olmasına, dövlətimizin potensialına, qardaş Türkiyəmizə, bir də “daha dərin,  həddən artıq dərin əməkdaşlığın” təkcə Ermənistanın öz təşəbbüsü kimi meydana çıxmadığını, gələcəkdə digərlərinin də oxşar addımlar atmasına çalışılacağını bilən və bunu istəməyən güclərə dayanaraq belə fikirləşirəm.

Visiontv.az