Qaradağ rayonunun 139 və 288 saylı orta məktəblərində yuxarı sinif şagirdləri üçün narkomaniya və digər zərərli asılılıqların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil edilib.
VisionTV.az xəbər verir ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində keçirilən görüşlərdə 9–11-ci sinif şagirdləri iştirak ediblər.
Tədbirlər zamanı yeniyetmələrə narkotik vasitələrin yaratdığı təhlükələr, asılılığın insanın həyatına və gələcəyinə təsirləri barədə ətraflı məlumat verilib. Gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə üstünlük verməsi və riskli vəziyyətlərdə düzgün qərarlar qəbul etməsi məsələləri diqqət mərkəzində olub.
Maarifləndirmə proqramı çərçivəsində şagirdlərə narkomaniyanın mənfi nəticələrini əks etdirən sosial çarxlar və filmlər göstərilib. Psixoloqların iştirakı ilə keçirilən müzakirələrdə isə yeniyetmələrin sualları cavablandırılıb, psixoloji təzyiqə qarşı dayanmaq və mənfi təsirlərə müqavimət göstərmək yolları izah edilib.
Görüşlərdə narkotik asılılığı yaşamış şəxslərin öz təcrübələrini bölüşməsi də xüsusi əhəmiyyət daşıyıb. Onlar asılılıq dövründə qarşılaşdıqları çətinliklərdən, həyatlarında yaranan itkilərdən və normal həyata qayıtmaq üçün keçdikləri mərhələlərdən danışıblar. Bu nümunələr vasitəsilə şagirdlərin narkotik vasitələrin real fəsadları barədə daha dolğun təsəvvür əldə etmələrinə şərait yaradılıb.
İctimai Birliyin sədri Nail Kəmərli yeniyetmələrin narkomaniyadan qorunması üçün maarifləndirmə işinin erkən yaşlardan aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənclərin narkotik vasitələrin doğurduğu nəticələr barədə vaxtında məlumatlandırılması onların gələcəkləri ilə bağlı daha məsuliyyətli seçim etmələrinə kömək edir.
Qeyd edək ki, “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində məktəblilərlə görüşlərin davam etdirilməsi, narkotik vasitələrin və digər zərərli asılılıqların fəsadları barədə daha çox yeniyetmə və gəncin məlumatlandırılması planlaşdırılır.


