Kanq Cie: Fiberoptik xətlərin çəkilməsi ilə Azərbaycan çox mühüm məlumat mərkəzinə çevriləcək
22.04.2024

Fiberoptik xətlərin çəkilməsi ilə Azərbaycan çox mühüm məlumat mərkəzinə çevriləcək

Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfrans öz işini bölmə iclasları ilə davam etdirir. “Kəmər və Yol”  təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan panelə Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova moderatorluq edir. A.İsmayılova deyib ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Çinlə əməkdaşlıq üçün platforma yaranıb. O qeyd edib ki, Çinin bərpaolunan enerj sahəsində təcrübəsi iki ölkə arasında əməkdaşlığa töhfə verəcək.

Paneldə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev qeyd edib ki, iki ölkə arasında inkişaf edən əməkdaşlıq müxtəlif iqtisadi sektorları əhatə edir.

“Çin hazırda Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Çin sadəcə resuslar baxımdan zəngin deyil, eyni zamanda onun kifayət qədər böyük iqtisadi qüdrəti var. Bizim Çindən öyrənəcəyimiz çox böyük məqamlar var. Azərbaycan “Bir kəmər və bir yol” layihəsinə çox böyük dəstək verir. Azərbaycan Orta Dəhlizdə yerləşən kimi “Bir kəmər, bir yol layihəsi”nin mühüm tərəflərindən biri kimi malların təhlükəsiz şəkildə daşınmasına töhfə verməkdədir. Son 20 ildə Azərbaycan nəqliyyat sahəsinə kifayət qədər sərmayələr yatırıb. Bu gün Orta Dəhlizdə kifayət qədər artımlar müşahidə edilib” - deyə şöbə müdiri deyib.

F.Əliyev həmçinin elektrobusların Azərbaycanın nəqliyyat sisteminə daxil edilməsi məsələsinə də toxunub. O bildirib ki, Çinin "BYD" şirkəti tərəfi Azərbaycanın avtobus parkına töhfə verəcək.

“Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir”, - deyə F.Əliyev vurğulayıb.

Baki Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat inzibatçısı Yucin Si bütün investisiyaları düzgün yerləşdirməyin vacib olduğunu deyib. O çıxışında alternativ marşrutlara hər zaman ehtiyac olduğunu qeyd edib.

“Bakı Ələt limanı tam gücü ilə işləyir. Ələt limanı Mərkəzi Asiya ölkələri üçün də tranzit rolunu oynayır. Biz limanın ikinci faza modelini də işləyib bitirmişik. Planlaşdırma fazasında maraqlı tərəflər karqolar gətirməklə bu investisiyanın artmasına kömək edə bilər”, - deyə inzibatçı qeyd edib.

Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin elmi işçisi Kanq Cie Transxəzər dəhlizinin təkcə Qərb və Şərq dəhlizini yox, eyni zamanda şimal və cənub dəhlizlərini də birləşdirdiyini qeyd edib:

“Bu layihə heç bir vəchlə ölkələri zəiflətməyə deyil, əksinə regional əməkdaşlığı gücləndirməyə xidmət edir. Transxəzər dəhlizi və “Bir kəmər bir yol layihəsi Qərb ölkələrində yeni sənayeləşmə növlərinin axtarıb tapmağa kömək edir. Bu, Azərbaycan tərəfindən yeni fiberoptik xətlərin Transxəzər ölkələrinə çəkilməsinə şərait yaradır. Bu xətlərin çəkilməsi ilə Azərbaycan böyük ehtimalla çox mühüm məlumat mərkəzinə çevriləcək. Bu da Azərbaycanda kifayət qədər rəqəmsal infrastrukturun qurulmasına kömək edəcək”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev çıxışında Azərbaycanın 165 illik dənizçilik tarixinə, 144 illik dəmir yolu təcrübəsinə sahib olduğunu bildirib. O, eyni zamanda Azərbaycanın 8 beynəlxalq hava limanına da sahib olduğunu, bir hava limanın da tikilməkdə olduğunu qeyd edib. Ekspert Azərbaycandan 1980-ci illərdə dəmiryolu xətti vasitəsilə 100 milyona yaxın ton yükün daşındığını xatırladıb. R. Ağamirzəyev bu gün də Azərbaycanın bu sahədə böyük potensialının olduğunu diqqətə çatdırıb.

visiontv.az