Kamillər və cahillər
07.12.2023

Düşünürəm ki, azlığın çoxluğa tabe olması, çoxluğun sözünün qanun olması da bir nonsensdir. Məsələn, dünyada bəndələr milyardlarla, Allah birdir, kimin sözü haqdır? Ölkədə vətəndaşlar milyonlarla, prezident birdir, kimin sözü qanundur?

Nəhayət, məktəbdə şagirdlər yüzlərlə, amma müəllim birdir, ikidir, kimin sözü keçir? Qərəz, belə misallardan onlarla çəkmək olar, çoxluğun sözü həmişə keçərli deyildir. Odur ki, çoxluq tərəfdarları (ÇT) ilə azlıq tərəfdarlarının (AT) xəyali mükamiləsini feyzdaşların diqqətinə təqdim edirəm. Beləliklə...

ÇT: Əgər demokratiya çoxluğun fikrini qəbul etməkdirsə, ədalət bu, deyilmi? Misal üçün, 100 nəfərin səs verdiyi seçkidə 51 nəfərin rəyinə üstünlük verilməlidir, ya 49 nəfərin? Əlbəttə, çoxluğun, zira onların yanılma ehtimalı daha azdır.

AT: (mətləbə aydınlıq gətirmək məqsədilə): Kamil olmaq çətindir, yoxsa cahil olmaq?

ÇT: Əlbəttə, kamil olmaq çətindir. Kamil olmaq üçün oxumaq və araşdırmaq lazımdır. Amma cahil olmaq üçün buna ehtiyac yoxdur.

AT: Onda, cəmiyyətdə cahil insan çoxdur, ya kamil?

ÇT: Əlbəttə, mübahisəyə ehtiyac yoxdur, cahillərin sayı daha çoxdur.

AT: Elə isə, bir gəmidə yüz nəfər və bir kapitan olsa, gəminin harda yelkən açıb lövbər atmasını ən yaxşı kim bilər?

ÇT: Gəmidə neçə dənizçi olursa, olsun, ən yaxşısını kapitan bilər.

AT: Deməli, hər kəs istədiyi mövzuda qərar verə bilməz, hər kəs bildiyi mövzuda qərar verməlidir. İşi çoxluğa yox, mütəxəssisə etibar etmək lazımdır.

ÇT: Bəli, ədalətli olan bu yanaşmadır.

Və son olaraq... Kimin hansı sahədə mütəxəssis, söz sahibi olduğunu bilmədən, təkcə çoxluq olduğuna görə doğru rəy verdiklərini haradan bilək? Axı, hər cəmiyyətdə kamil insanların sayı cahillərlə müqayisədə azdır…

Qalib Arif

visiontv.az