Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsinin tikintisi başa çatdırılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlının sözlərinə görə, Agentlik tərəfindən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının da tikintisi tamamlanıb.
Fərmanlı Qurbanlı vurğulayıb ki, 4 kvartalda 26 yaşayış binası yerləşir: "Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib".
Aparat rəhbəri bildirib ki, “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanması nəzərdə tutulub.
O qeyd edib ki, məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə verilib:
"2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə bu ağır faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər oldu.

Həmçinin, zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürü olaraq Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verdi. Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrıldı. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir”.
Qeyd edək ki, 2023-cü ilin aprelin 29-da Türkiyədə keçirilən “TEKNOFEST” festivalı çərçivəsində “Azərbaycan” yaşayış məhəlləsində inşa ediləcək Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının təməli qoyulub. Təməlqoyma mərasiminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılıblar.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb.
Azərbaycan Respublikasının icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ibtidai məktəb və uşaq bağçası binasının, həmçinin 4 yaşayış məhəlləsinin tikintisi tamamlanıb.
2024-cü il sentyabr ayının 11-də Türkiyənin Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsində Agentlik tərəfindən yeni inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutub. Açılış mərasimində iki qardaş ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı yerləşir. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materialları ilə təchiz olunmuş 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərinin olduğu 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasimi keçirilib və bir sıra mənzillərin açarları sahiblərinə təqdim olunub. Dövlət başçıları mənzillərə baxış keçirib və inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, inşası başa çatdırılan digər mənzillərin isə fevralın 6-da təqdim edilməsi nəzərdə tutulur.