İstiqlal Zirvəsi...
İstiqlal Zirvəsi...
25.01.2021 Bəybala Mirzəyev Tərəfindən

Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycanla Türkiyənin qardaşlığının rəmzi olacaq!

Memorial kompleks və Zəfər muzeyi konsepsiya layihəsi haqda qısa məlumat:

“İstiqlal zirvəsi” adını daşıyan bu layihə azərbaycanlı və türk memar, dizayner və mühəndislər tərəfindən konsepsiya şəklində işlənib və təşəbbüs olaraq irəli sürülüb.

Şəhidlərin xatirəsinə həsr olunan bu kompleksdə layihənin müəllifləri bir çox mühüm məqamları qabartmağa çalışıblar. Bu kompleks istiqlal muzeyi olmaqla, 20 Yanvar faciəsini və Xocalı soyqırımını dünyaya tanıdacaq, eyni zamanda, şanlı Ordumuzun qazandığı Qələbəni tərənnüm edəcək.
Kompleks Türkiyə ilə Azərbaycan arasında qurulmuş hərbi-iqtisadi əməkdaşlıqla yanaşı, memarlıq sahəsində də nümunə olaraq dostluq rəmzi kimi bütün türk xalqlarına yönəlmiş töhfədir.

Bakının seçilən yerlərindən birində (teleqüllənin qərb tərəfində) yaradılacaq bu kompleks milli atributlarımızdan sayılan səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli bina kimi layihələndirilib.

Kompleks ərazisinin dairəvi formada olması gələcəkdə 8 noyabr - Zəfər Günündə hərbi-zirehli texnikanın keçməsi və insanların bayram etməsi üçün nəzərdə tutulub.

Layihənin bir özəlliyi də ondadır ki, burada 3d və 7d sinema texnologiyalarından istifadə olunub.

Muzeyin birinci mərtəbəsində Turan birliyini əks etdirən gerb və Azərbaycanın üçrəngli bayrağı təsvir olunacaq, üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nanoboya ilə həkk ediləcək. Muzeyin bu hissəsi şəhidlərimizin müqəddəs anım yeri kimi nəzərdə tutulub.

Gerbin üzərində isə 30 metr hündürlüyündə Azərbaycan bayrağını əks etdirən silindr formalı, dünyanın ən böyük məşəli quraşdırılacaq və üzərində Azərbaycan və Türkiyə liderlərinin nitqlərindən seçmə fikirlərlə müşayiət olunan 7d formatında təsvirləri əks olunacaq.

Muzeydə “Şəhidlər zirvəsi” zalı olacaq ki, oranı ziyarət edən hər kəs qəhrəman şəhidlərimizin canlı holoqramını görə biləcək.

Muzeydə turistlər Xocalı soyqırımı ilə bağlı videomateriallara baxa biləcək, həmçinin 20 Yanvar dəhşətlərini nümayiş etdirən zalda hər bir ziyarətçinin daha dolğun məlumat almasına şərait yaradılacaq.

Qabaqcıl “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş bu zala xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olunacaq. Hərəkətli eskalatorlar üzərindəki insanlar bu zaldan keçəcək və 20 Yanvar hadisələrini 1 dəqiqə ərzində canlı izləyəcəklər.

Kompleksdə istiqlal tariximizi əks etdirən “Smart muzey” də yaradılacaq. Bu muzey elektron və vizual tablolarla təchiz ediləcək. Ziyarətçi “Smart voice” tablosu vasitəsilə konkret eksponat barədə sərbəst məlumat əldə edəcəklər.

Kompleksdə, həmçinin müstəqillik və İstiqlal tariximizi əks etdirən “Smart kitabxana”, səsli və vizual görüntülərlə təchiz olunmuş, müasir tələblərə uyğun “Smart rəsm qalereyası”, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası Mərkəzi, Turan birliyi mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans, akt, sinema zalları və fərqli təyinatlı otaqlar da yer alacaq.

Hərbi Sənaye Muzeyində isə “Dəmir Yumruq” əməliyyatının Zəfərlə başa çatdırılmasında mühüm rol oynamış hərbi texnika və hərbi sənayemizi əks etdirən sərgi zalı açılacaq.

Muzeyin ərazisində, İkinci Qarabağ savaşında qənimət götürülən düşmən silahları ilə yanaşı, “Bayraqdar”, “İti qovan” və Milli Ordumuzun digər hərbi texnikalarını da nümayiş etdirmək mümkün olacaq.

Maraqlı layihədir. Çox gözəl düşünülüb.

Xeyirli-uğurlu olsun.

Bəybala Mirzəyev

Visiontv.az