İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
05.03.2026

ABŞ ordusu İranın Amerika Hərbi Qüvvələrinin kifayət qədər böyük kontingentinin yerləşdiyi Türkiyədəki İncirlik hava bazasına raket zərbəsi endirmək niyyətində olduğuna inanır.

 Bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Xəbərdə deyilir ki, raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edərkən Aralıq dənizi üzərində zərərsizləşdirilib. Dəqiqləşdirilən məlumata əsasən, İran raketi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Oscar Austin" esminesi tərəfindən atılan "SM-3" raketi vasitəsilə vurulub. Məhv edilən raketin parçaları Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

Əlavə olunub ki, Türkiyə NATO üzvüdür və ona qarşı hər hansı hücum alyansın 32 üzvünün münaqişəyə cəlb olunması potensialını daşıyır.

Türkiyənin cənub bölgəsində, Adana şəhəri yaxınlığında yerləşən "İncirlik" hava bazası  ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərq dayağı hesab olunur. 1950-ci illərin ortalarında təsis edilən baza, sonradan Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazası statusunu alıb.

visiontv.az