Mirzə Kiçik xan, İran inqilabçısı, Gilanda antiimperialist partizan hərəkatının təşkilatçısı və rəhbəri olub. 1905 - 1911 - ci illərdə baş verən İran inqilabının iştirakçısı idi. Gilanda milli azadlıq hərəkatının yüksəlişi dövründə İran kommunistləri ilə vahid cəbhədə çıxış edib. Gilan respublikası müvəqqəti inqilabi hökumətinin sədri , sonra isə 1921-ci il mayın 8-də yaradılmış Gilan respublikası yeni hökumətinin - İnqilab Komitəsinin sədri olub.
Rusiya bolşevik hökuməti ingilis əsarətinə qarşı barışmaz mübariz olan Kiçik xanın qüvvələrindən öz maraqları yönündə istifadə edib. Sovet hökuməti Kiçik xana ingilislərlə əməkdaşlıq edən Biçeraxovun öz silahlı qüvvələri ilə Bakıya gəlməsinə imkan verməsinə dair məktub göndərmişdi.
Lakin Kiçik xan İran Kommunist Partiyası üzvlərinin və Sovet hökuməti tərəfindən İrana ezam edilən şəxslərin sosialist məzmunlu inqilabi hərəkatı genişləndirmək, xüsusi mülkiyyətə qarşı çıxmaq, aqrar dəyişikliklər etmək, kommunist rejimi yaratmaq cəhdləri ilə barışmayıb.
Nəriman Nərimanov Sovet hökumətinin İranda həyata keçirdiyi radikal tədbirləri kəskin surətdə pisləyir, İranın xarici əsarətdən azadlıq mübarizəsini mümkün reallıq kimi qiymətləndirərək, bu baxımdan Kiçik xanı dəstəkləməyi, onunla əlaqədə bütün İranı ingilis əsarətinə qarşı qaldırmağı tövsiyə edirdi.
İranın müstəqilliyi uğrunda vuruşan Kiçik xan bolşevik hökumətinin müdaxiləsinin mahiyyətini anlayanda əks mövqe tutub, 1921-ci il sentyabrın 29-da İran kommunist Partiyasına qarşı çıxıb. Yaranmış vəziyyət İran hökumətinin Gilanda milli azadlıq hərəkatını yatırmasını asanlaşdırmışdı.
Kiçik xan Gilan meşələrinə çəkilib, Talış dağlarında həlak olub. Onun azadlıq savaşı ingilis tarixşünaslığında ekstremist, terrorçu hərəkat, sovet tarixşünaslığında isə inqilabi mübarizəyə xəyanət kimi qiymətləndirilib.
Bünyamin Bünyadzadə
Visiontv.az