“İran Hizbullahı dəstəkləməyə davam edəcək”
16.12.2025

Hizbullahın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiəddin İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

Görüşdə bölgədə və dünyada baş verən son siyasi-təhlükəsizlik prosesləri müzakirə olunub. Səfiəddin Livan, Hizbullah və “müqavimət oxu”ndakı mövcud vəziyyətlə bağlı danışaraq bildirib ki, “Hizbullah hazırda əvvəlkindən daha güclüdür, Livanın ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazırdır və heç bir halda silahını yerə qoymayacaq”.

Əli Əkbər Vilayəti isə Hizbullahın strateji roluna diqqət çəkərək vurğulayıb ki, bu hərəkat müqavimət cəbhəsinin əsas sütunlarından biridir. Onun sözlərinə görə, İran Xameneyinin rəhbərliyi və göstərişi ilə müqavimətin ön cəbhəsində yer alan Hizbullahı qətiyyətlə dəstəkləməyə davam edəcək.

visiontv.az