5.08.2020
Axtar
Gündəlik
alt

İndiki Ermənistandakı yaşayış yerlərinin əksəriyyəti mütləq halda Azərbaycan, türk mənşəli olub-deputat Elnur Allahverdiyev

Ermənistanın hazırda mövcud olduğu tarixi Azərbaycan torpaqlarında ermənilərin yerləşdirilməsindən sonra xalqımıza məxsus olan maddi və mənəvi irs mərhələlərlə məhv edilib.

Tarixi abidələr, saraylar, karvansaraylardan tutmuş toponimlər - şəhər və kənd adlarına qədər nə varsa, erməniləşdirilib. Həm Rusiya imperiyası, həm də Sovet İttifaqı illərində yaranmış fürsət ermənilərə imkan verib ki, azərbaycanlılara məxsus tarixi izlərin məhv olunması üçün bacardıqlarını etsinlər.
Hər hansı ölkənin və ya xalqın tarixini öyrənmək istəyən şəxs mütləq dövlətin mövcud olduğu, əhalinin isə yaşadığı ərazidəki toponimlərə diqqət yetirməlidir. İndiki Ermənistandakı yaşayış yerlərinin əksəriyyəti mütləq halda Azərbaycan, türk mənşəli olub. Toponimlərin bu iki yüz ildə kütləviliklə dəyişdirilməsi və erməniləşdirilməsi ötən əsrin ikinci yarısında xüsusi vüsət alıb. Tarixi saxtalaşdıran ermənilər bir çox hallarda bizə məxsus məskənlərə erməni adı tapmayaraq Azərbaycan dilində olan toponimi sadəcə olaraq erməni dilinə çeviriblər. Yüzlərlə belə tarixi fakt mövcuddur.


Təbii ki, ötən iki yüz ildə onlar bunu ört-basdır etməyə çalışıblar və müəyyən mənada buna nail ola biliblər. Ancaq tarixi tam silmək mümkün deyil. Xüsusilə indiki dövrdə - müstəqil və güclü Azərbaycanın mövcudluğu şəraitində tarixin gizlinlərinə gömülmüş yalanlar mütləq ortaya çıxır, dövlətimizin dəstəyi ilə alimlərimiz tərəfindən aşkarlanıb ictimaiyyətə təqdim olunur.


Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, partiya Sədrinin müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçirilən videkonfrans məhz bu problemə həsr olunmuşdur. Prezident cənab İlham Əliyev tarixi mövzuda etdiyi bütün çıxışlarında Qərbi Azərbaycan torpaqlarının tarixən bizə məxsusluğunu, tarixi ədalətin bizim tərəfimizdə olduğunu vurğulayır, elm adamlarımıza, tarixçilərimizə bu həqiqəti əyani sübut edən faktları axtarıb tapmağı və gələcək nəsilə çatdırılmasına çalışmağı tövsiyyə edir. Əziz Ələkbərlinin müəllifi olduğu və Yeni Azərbaycan Partiyasının layihəsi olaraq çap olunmuş "Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz" adlı yeni kitab cənab Prezidentin çağırışı ilə ərsəyə gəlmiş əsərdir.

visiontv.az

Şərh