İnam oğrusu: Və ya İblis rolunu üzərinə götürmüş keşiş...
İnam oğrusu:  Və ya İblis rolunu üzərinə götürmüş keşiş...
06.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin baş katalikosu postuna seçilmək üçün özünü ortaya atıb, siyasi çıxışlar edir, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına mane olmaq üçün etiraz aksiyaları təşkil etməyə çalışır.

Ermənistanın müxalif siyasi liderləri xalqın etimadını itirdiklərinə görə bu iblisi qabağa verir, Paşinyanı onun əli ilə devirməyə çalışırlar. Ancaq iş burasındadır ki, ermənilər artıq keşişlərə də inanmırlar.

Bir 4 nəfər və mətn şəkili ola bilər

Nikol Paşinyan isə yaranmış fürsətdən düzgün istifadə etməli və kilsəni neytrallaşdırmalıdır. O, Ermənistanı revanşist ölkədən normal ölkəyə, erməniləri isə davakar xalqdan adekvat xalqa çevirmək üçün ilk növbədə kilsəyə qalib gəlməlidir, millətçi-irqçi keşişləri zərərsizləşdirməlidir. Çünki şərin kökü, mənbəyi məhz kilsədir.

Hazırda yalnız Paşinyan bütün ciddiyəti ilə dərk edir ki, postmüharibə dönəmində erməni xalqının iki əsas düşməni var - erməni kilsəsi və erməni lobbisi. Bu iki qüvvə erməni cəmiyyəti üzərində ənənəvi təsir güclərini itirməmək üçün Paşinyan iqtidarına qarşı bütün güclərini səfərbər edib.

Lakin lider qismində ortaya çıxara bildikləri yeganə fiqur isə Baqrat Qalstanyandır ki, onun da çağırışlarına 50-60 adamdan savayı kimsə qoşulmur. Hətta "Daşnaksütyun"un da dəstəyi Baqratın ruhanidən siyasi liderə çevrilməsinə kömək etmir. Ancaq iblis rolunu üzərinə götürmüş Baqrat məqsədinə çatmaq üçün bütün çirkin addımlara hazırdır.

P.S.

Baqrat erməni xalqını xilas etməyə yox, ermənilərin sonuncu inamını da oğurlamağa gəlib...

Bəybala Mirzəyev

visiontv.az