“Həqiqi Hekayələr”: Narkotik asılılığından xilas olmaq mümkündür
30.09.2025

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi narkotik vasitələrin fəsadlarına diqqət çəkmək məqsədilə yeni sosial çarx hazırlayıb.

Təşkilatın sədri, tanınmış bloger Nail Kəmərlinin sözlərinə görə, “Həqiqi Hekayələr” adlı sosial çarx Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqə çərçivəsində ərsəyə gəlib.

Çarxda narkotik vasitələrdən uzaq durmağın vacibliyini izah edən beş əsas səbəb təqdim olunur. Eyni zamanda, burada yer alan beş şəxsin həyat hekayələri vasitəsilə asılılığın ağır nəticələri və bu problemdən xilas olmağın mümkünlüyü diqqətə çatdırılır.

Məlumata görə, çarxda iştirak edən şəxslərin hər biri uzun müddət narkotik asılılığından əziyyət çəkib. Hazırda isə onlar sağalaraq cəmiyyətə uyğunlaşıb və normal həyatlarını davam etdirirlər.

Nail Kəmərli bildirib ki, təşkilat narkotik vasitələrin zərərləri barədə ictimai məlumatlılığın artırılması və əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.